Təbiətə göstərilən qayğı onu zənginləşdirir

132

Təbiət özünə məxsus olan qayda-qanunları, daha dəqiqi tarazlığı  həmişə yerindəcə saxlayır. Qar uca zirvəni bəzəyir, çay dağ yamacları ilə üzüaşağı axır, meşələr dağların ətəklərində öz yerini tutur, fəsillər bir-birini əvəz edir. Hər bir landşaft qurşağı özündən əvvəlkinə və sonrakına “söykənir”. İnsanlar bu “layihənin” üzərində əlavə yaradıcılıq işi aparmaqla ya onu zənginləşdirir,  düzgün iş aparılmayanda isə təbiətin ahəngini pozur. Bəs bu ahəng necə qoruna bilər? Bu ahəng torpaqla, su, hava, yaşıllıq, canlı aləm vasitəsilə qorunar və “insanla təbiətin təmas”ı  əsasında yaşayar. Təklikdə bunların heç birinin var olması mümkün deyil. Ona görə də insanla təbiətin vəhdəti bu tarazlığın başlıca meyarıdır. Əsrlərdir ki, insanlar əkir, qurur, yaradır və qoruyur ki, həm özü , həm də kainat var olsun, təbiət yaşasın. Əgər insan təbiətdən üz çevirsə, onda bizi heyran edən yaşıllıqdan, bağlardan, gülkarlıqlardan, sağlamlığımızı qoruyan təmiz havadan əsər-əlamət qalmaz. İnsanla təbiətin “dostluğunun”, “qarşılıqlı münasibətinin” nəticəsidir ki, daş-çınqıl, kol-kos basmış ərazilərin yerlərində min bir rəngdə güllər bitib, tinglər salınıb. Şahbuz rayonunun hansı istiqamətinə üz tutsaq, orada səliqə ilə sıralanan ağaclar, gülkarlıqlar göz oxşayacaq. Deməli, bütün bunlar insanların təbiətə qayğısından, vurğunluğundan yaranıb. Bu gün rayonun “İşgəsu”, “Ömər dərəsi”, “Plovtəpə”,”Məşədi kənd”, “Kardaş” massivləri əsl yaşıllıq diyarıdır.

Yaşıllığı, gözəlliyi, əsrarəngiz təbiəti ilə insanlarda özünəvurğunluq yaradan bir təbiət gözəli isə Batabat yaylağıdır. Yaylaq relyefi və iqlim şəraiti ilə turizm üçün də maraq doğura biləcək təbii gözəlliklərlə zəngindir. 

Yaylağın ərazisinin, fauna və florasının, təbii sərvətlərinin qorunması üçün burada Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb. Əsrarəngiz təbiətinə, relyefinə, iqliminə görə başqa bölgələrdən fərqlənən rayonumuzda da gözəl təbiət mənzərələrinin, flora və faunanın qorunması məqsədilə bir çox tədbirlər həyata keçirilir. Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldığı bir gündən insanlar təbiətlə münasibətdə daha sayğılı olmağı. Onunla davranmağı öyrənib. Əlbəttə ki, bu gün insanın ürəyində ətraf mühitə, təbiətə qarşı isti bir münasibət yaranıb.

Təbiət möcüzəsi olan qoruq ərazisinin çox hissəsi meşəlikdir ki, bu da muxtar respublikamızdakı meşə sahələrinin əsas hissəsini təşkil edir. Eko sistem kimi  ərazidəki meşə sahəsi ekoloji tarazlığın saxlanmasında xüsusi əhəmiyyət kəsb edir. Qoruq ərazisinin münasib iqlim şəraiti burada zəngin bitki ehtiyatının formalaşmasında mühüm rol oynayır. Florası çox zəngin və rəngarəngdir. Dəniz səviyyəsindən 2000 m yüksəklikdə olan subalp çəmənlikləri geniş əraziləri əhatə edir və zəngin bitki ehtiyatına malikdir. Bundan fərqli olaraq, alp çəmənlikləri ərazidə talalar şəklindədir və qısaboylu ot bitkiləri ilə xarakterizə olunur. Subalp və alp çəmənlikləri torpaq əmələgəlmə prosesində mühüm rol oynayır.

Qoruq ərazisinə daxil olan Batabat meşəsi dəniz səviyyəsindən 1600 metrdən 2000 metrədək yüksəklikdə olan geniş bir ərazini əhatə edir. Burada meşələr əsasən palıd, vən, ağcaqayın, cır alma, armud, yemişan, quşarmudu, alça, murdarça, söyüd kimi müxtəlif yerli şəraitə uyğunlaşmış ağac və kol bitkilərindən ibarətdir. Vaxtilə antropogen təsirlərə daha çox məruz qalmış Batabat meşələri qoruq elan olunduqdan sonra təbii bərpa prosesi ilə əvvəlki vəziyyətinə çatdırılıb.

Qoruq ərazisində respublika florası üçün də nadir hesab edilən və böyük elmi maraq doğuran bir sıra qiymətli ağaclar, kollar vardır. Qeyd edim ki, ərazidə efirli, qətranlı, alkoloidli, vitaminli, kauçuklu boya və aşı maddələri ilə zəngin dərman əhəmiyyətli dekorativ bitkilər geniş yayılmışdır.

Sıldırımlı yaylalarda və çılpaq dağ yamaclarında hündürboylu, ağıriyli, cırtdanboylu ardıc növləri tək-tək və qruplar halında geniş sahələri əhatə edir. Qoruq ərazisi fauna cəhətdən də çox zəngindir. Vaxtilə tamamən məhv olub nəsli kəsilmək təhlükəsi qarşısında qalan heyvan növləri bu gün qorunduğundan onların sayları normal həddə qədər gəlib çatmışdır. Qoruq ərazisində yırtıcılardan Zaqafqaziya qonur ayısının, vaşaqın, toyuqkimilərdən bildirçinin, kəkliyin, xəzər ularının, yırtıcı quşlardan müxtəlif qartal növlərinin say tərkibinin nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur.

Qeyd Edək ki, oktyabr ayının ikinci ongünlüyündən  başlayaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən orta dağlıq ərazisində ağac və kolların təbii bərpasına başlanıldı. Meşə ərazisində geniş yayılan ağac və kol bitkilərinin növləri müəyyənləşdirilərək yay mövsümü ərzində yemişan, həmərsin, alça, badamça, palıd toxumları tədarük olunaraq meşə ərazisində bitki örtüyünün seyrək olduğu ərazilərə əkildi. Əsas məqsəd toxumla təbii bərpaya kömək etmək,  bitki örtüyünün seyrək yayıldığı ərazilərdə kolluqların və ağacların sayının artırılması və bitki örtüyünün daha da zənginləşdirilməsi idi.

         İntizam Əhmədov

Şahbuz Dövlət Təbiət Qoruğunun  kiçik elmi işçisi

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: