Süni mayalanma texnikləri üçün kurs təşkil olunub

200

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində süni mayalanma texnikləri üçün təkmilləşdirmə kursu təşkil edilib. Kursda Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov bildirib ki,  hazırda muxtar respublikada 23 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdə bu ilin 8 ayı ərzində 7 min 690 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb. Ötən il mayalanmış heyvanlardan 5 min 683 baş sağlam buzov doğulub. Əvvəllər  texniklər ölkəmizin müxtəlif rayonlarında yerləşən süni mayalanma mərkəzlərinə göndərilirdi. Artıq Naxçıvanda yerli mütəxəssislər tərəfindən kurslar keçirilir, süni mayalanma texnikləri hazırlanır. Qeyd olunub ki, Naxçıvanda Süni Mayalanma Mərkəzi də inşa edilir. Əvvəllər süni mayalanma toxumları başqa ölkələrdən gətirilirdisə, artıq buna ehtiyac olmayacaq. Yeni yaradılacaq mərkəzdə toxum istehsalı da həyata keçiriləcək.

Kurslarda iştirak edən Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasının müəllimi Əli Tahirov və Dövlət Baytarlıq Xidmətinin əməkdaşı   Elnur Əliyev kurs iştirakçılarına süni mayalanma prosesində istifadə olunacaq avadanlıqlar barədə məlumat veriblər. Kursda süni mayalanmanın aparılma üsulları slaydlar vasitəsilə ətraflı izah olunub.

15 gün davam edəcək kursda iştirakçılara 10 gün nəzəri, 5 gün isə heyvandarlıq komplekslərində praktiki məşğələlər keçiriləcək.

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: