Suda boğulanlara ilk tibbi yardımı necə göstərməli?

222

Dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Çimərliklərdə, su hövzələrində təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq suda boğulma hallarının artması ilə nəticələnir. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar.

NUHÇIXAN xəbər verir ki, statistikaya əsasən, suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür.

Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədəalma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər.

Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərərkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahilə çıxarandan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir.

Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.

Təxliyə zamanı zərərçəkən xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərtilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: