NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonundakı meyvə-tərəvəz saxlanılması üçün nəzərdə tutulan soyuducu anbarın fəaliyyəti bərpa olunub. Anbara 100 tona yaxın məhsul yığılıb. Qeyd edək ki, meyvə-tərəvəz anbarı güzəştli kredit hesabına yaradılsa da, uzun müddətdir ki, təyinatı üzrə istifadə olunmurdu. Son günlərdə isə anbar “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyətə başlayıb. Cəmiyyət tərəfindən Şahbuzdan və muxtar respublikanın digər rayonlarından 100 tona yaxın kartof tədarük olunaraq soyuducu anbara yığılıb.
Bundan başqa, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları münasib qiymətlərlə həmin soyuducu anbara təhvil verə bilərlər.
Bu il ümumilikdə Şahbuz rayonunda 435 hektara yaxın sahədə kartof əkini keçirilib. Hazırda məhsulun bir hissəsi tədarük olunaraq sahələrdən toplanıb.
Novruz Məmmədov