Şirin bir əlvida

434

 İnsan ömrü qısadır. Zaman isə bu ömrün qənimidir deyirlər. Hərdən bizə elə gəlir ki, bəzi hadisələr sanki elə bir göz qırpımındaca başlayıb və bitib. İnsanlar bu gerçəkliyi zaman-zaman yaşayırlar. Bəzən insanlar eyni anda eyni duyğuları yaşayır, eyni xatirələrin işığında keçmişə boylanırlar. Hamının ürəyindən xəbər verən cümlə eyni olur: hər şey necə də bir göz qırpımında gəlib keçdi.

 Bəli, elə anlar olur ki, istər 10 il, istərsə də onilliklərlə davam etsin, ondan geriyə qalan tək şey, sadəcə, saniyələrə sığaraq bir kinolent kimi gözünün önündə canlanacaq xatirələrdir. 11 il yaşanan məktəb həyatı kimi.
Ümumtəhsil məktəblərinin builki on­birinciləri artıq məzun oldular. Onlar bir zamanlar oturduqları partalar üçün belə, darıxacaqlar… Hələ sinif yoldaşlarını, tələbkar müəllimlərini demirəm… Onların uşaqlıq həyəcanları, sevib-sevmədikləri nə varsa, hamısı məktəb divarları arasında qalır.

Zəng çalan, nə olar əlini saxla,

 Bu şagird ömrümü uzat bir az da.

 Bu məktəb, bu bina, bax bu divarlar,

 Mənim olmayacaq zəng vurulanda.

Zəng çalınır. Bir vaxtlar bu zəngi bir gündə dəfələrlə eşidirdilər. Fərq bunda idi ki, zəng əvvəllər ya dərsin başlanmasının xəbərçisi olaraq onları bir araya toplamış, ya da maksimum 1-2 günlüyə ayırmışdır. Əminəm ki, onlara bu dəfə fərqli hisslər yaşadırdı bu zəng. Çünki onbirincilər üçün adi zəng yox, son zəng səslənirdi. 11 il əvvəl valideynlərinin əlindən tutub bu məktəbə gətirdikləri balacalar artıq bu zəngin ayrılıq ifadə etdiyini dərk edəcək qədər böyümüşdülər.

 Bu zəngin cingiltili sədaları onların hər birinin qəlbində məktəb xatirələrini oyadır: sinif yoldaşlarının gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdikləri dərslər, tez başa çatan tənəffüslər, ciddi və mehriban müəllimlər. Son zəng uşaqlığa son vidadır. Həyatlarının uşaqlıq dövrünə son qoyan, bir o qədər də məsuliyyətli mərhələsinə atılan ilk addımdır. Ona görə də tam olaraq kədər, göz yaşı deyil, sabaha olan çağırışdır son zəng. Şagirdləri 11 il qazandıqları bilikləri artırmağa, elmin daha uca zirvələrini fəth etməyə, bir sözlə, gələcəyə aparan sədadır.

 Durub cərgə ilə müəllimlərim

Baxırlar üzümə sözü var kimi.

Bu doğma, mehriban, şən baxışlara

Əlvida deməyə dilim gələrmi?

 Əziz məzunlar, çətin də olsa, həyat yollarında daha neçə-neçə əlvidalar deyəcəksiniz: oxuyacağınız ali təhsil ocağına, iş yerinizə, sevdiyiniz insanlara və sair. Amma əmin olun ki, dilinizə gələcək ən şirin əlvidadır doğma məktəbə əlvida. Dadı damağınızdan bir ömürboyu getməyəcək qədər şirin bir əlvida.

Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: