Sevgi, günəş, sülh və təmizliyin birləşdiyi şəhərim

273

Naxçıvan yenə də beynəlxalq tədbirə ev sahibliyi edirdi. Bu dəfə  Avropanın diplomatları, səfirləri, rəsmi qonaqları “Avropanı Naxçıvanda kəşf et”məyə qərar vermişdilər. Buna nail oldular da. Bir daha sübut olundu ki, “Avropa günləri”nə ev sahibliyi edən Naxçıvan Şərqin günəşi olduğu kimi Qərbin də diqqət mərkəzidədir. Əslində bu il 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Pyataxtı olmaqla İslam dünyasının, dolayı yolla Şərqin və Asiyanın, “Avropa günləri”nə ev sahibliyi etməklə Qərbin və ya Avropanın mədəniyyətlərinin kəsişdiyi bir məkan olduğunu nümayiş elədi. Özü də heç bir bəzək-düzəksiz və öz milli dəyərlərinə, tarixi köklərinə söykənərək min illər boyu qazandığı hər şeyi ortaya qoya bildi. 

“Avropa Günü” çərçivəsində keçirilən tədbirlərə qatılan Avropalı səfirlər muxtar respublikanın müasir görkəmi və inkişafını yüksək dəyərləndirdilər. Bunu isə keçirilən mətbuat konfransında etiraf  etdilər. “Naxçıvan təkcə söz demir, həm də iş görür”- deyən Belçika səfiri Bert Skufsun fikirlərini Yunanıstanın ölkəmizdəki səfiri tamam başqa cür tamamladı. Naxçıvanda gördüyü münasibəti üç sözlə ifadə etdi: SEVGİ, SÜLH və GÜNƏŞ! Ona dəstək olan Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestitus Yanukauskas isə bu ifadəyə TƏMİZLİK sözünü artırdı. Bu artıq 3 günlük tanışlıqdan sonra Avropanı  heyrətə gətirən Naxçıvana verilən ən yaxşı qiymət idi. Bu üç günlük səfərdən sonra dünyanın ən inkişaf etmiş ölkələrinin nümayəndələri Naxçıvandakı inkişafın qarşısında heyrətlərini gizlədə bilmədilər. “Mən burada ancaq sürprizlərlə qarşılaşdım. Bu yerdə elektrik enerjisinin 60 faizi alternativ enerji mənbələrinin hesabına əldə edilir. Bu ki Avropaya bir nümunədir”-deyən Finlandiyanın ölkəmizdəki səfiri xanım Arya Makkonen təmsil etdiyi ölkənin muxtar respublika ilə bu istiqamətdə əməkdaşlığa həmişə hazır olduğunu vurğuladı. Niderland Krallığının təmsilçisi Zumreta Yahiç isə öz yerli istehsal potensialı hesabına daxili tələbatını ödəyə bilən Naxçıvanın istər meyvə-tərəvəz, istərsə də meliorasiya sahəsində ənənələrini və təşəbbüslərini dəstəkləməyə hər an hazır olduqlarını qeyd etdi.

Hər bir səfirin dediyi və təklif etdiyi əməkdaşlığın arxasında bir fakt dayanır-Naxçıvan artıq Avropa şirkətləri üçün etibarlı bir tərəfdaşdır.   Bəs bu inkişafın və etibarın arxasında nə dayanır? Təbii ki,
bir zaman iqtisadi blokadaya salındığı üçün əziyyətlə, çətinliklə hər gün üz-üzə qalan Naxçıvanın bu günə qədər keçdiyi Şərəfli inkişaf yolu. Bu yolun düzgün istiqamətini əbədi olaraq düzgün təyin edən ümummilli liderimiz Heydər Əliyev və onun ən yüksək səviyyədə davam etdirilən siyasəti və siyasi kursunun davamçıları bu gün Naxçıvanı dünya səviyyəsində tanınan, etibar edilən və nümunə göstərilən bir muxtar respublikaya çeviriblər.  Bu gün Naxçıvan o dərəcədə inkişaf edib ki, Avropanın təmsilçiləri öz ölkələrindən Naxçıvana yox, məhz Naxçıvandan Avropaya baxırlar. Bunu qədim Naxçıvanqalada keçirilən “Naxçıvan günləri”ndə Avropa ölkələrini  təmsil edən diplomatların  özləri etiraf etdilər. Naxçıvanın ölkənin Gənclər Paytaxtı elan edilməsi ilə bağlı Avropa İttifaqının təşəbbüsü ilə keçirilən “Avropa günləri”ndə sonra səfirlər yəqin ki,  özləri ilə,  sürətli iqtisadi inkişaf, ən çətin coğrafi şəraitdə aparılan uğurlu ekoloji tədbirlər, meliorasiya işləri, enerji təhlüksizliyinin etibarlı təminatı, bir sözlə sürətli inkişaf modelinin Naxçıvan nümunəsini özləri ilə bərabər apardılar. Bir də hamısının etiraf etdiyi kimi “Sevgi dolu qonaqpərvər, Günəş kimi istiqanlı və bütün bəşəriyyətə  Sülh arzulayan sadə azərbaycanlıları bir daha burada kəşf etdilər.    

P.S. Sevginin, Günəş işığının, Sülhün və Təmizliyin bol olduğu bu məkan həm də Nuhun gəmisini xatırladır. Bu gəmiyə minənlər isə sonsuz bir dəryada hər zaman nicat tapır.

Mətin Abbaslı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: