Şair Şarl Bodlerin (1821-1867) intihara cəhddən öncə yazdığı məktub Fransada keçirilən hərracda 234 min avroya satılıb.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Osenat” satış evinin təşkil etdiyi hərrac Parisin cənubundakı Fontenblo şəhərində keçirilib.
Şair həmin məktubu 24 yaşında – 1845-ci ilin iyun ayında qələmə alıb və onu Haitidən olan məşuqəsi aktrisa və rəqqasə Janna Düvala ünvanlayıb. “Madmazel Janna Lemer bu məktubu sizə verəndə, mən həyatda olmayacağam. Mən artıq yaşaya bilmədiyim üçün intihar edirəm, çünki yuxuya getdiyim və oyandığım yorğunluğa dözə bilmirəm”, – Bodler məktubunda belə yazıb.
Lakin Şarl Bodlerin intihar cəhdi baş tutmur. O, bu hadisədən sonra 22 il də ömür sürür.
Mütəxəssislər məktubun 60-80 min avroya satılacağını güman edirdilər. Yeddi dəqiqəlik hərracdan sonra şairin məktubu adının gizli qalmasını istəyən fransalı kolleksiyaçı tərəfindən alınıb.