Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib - FOTOLAR

80

Mayın 11-də Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin dövlət qurumlarının rəsmiləri, 30-a yaxın ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Mədəniyyəti günü Azərbaycanın ŞƏT çərçivəsində keçirdiyi ilk tədbir olub.

Qonaqlar ŞƏT-in mənzil qərargahının həyətində Azərbaycanın mədəniyyətini, tarixi və mədəni abidələrini, müasir memarlıq incilərini əks etdirən foto kompozisiyalardan ibarət, habelə Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair stendlərlə tanış olublar.

Tədbir çərçivəsində təşkilatın binasında “Azərbaycan mirvarisi” adlı sərgidə Azərbaycanın müxtəlif bölgələrinə aid xalçalar, milli musiqi alətləri, misgərlik sənəti nümunələri, milli geyimlərimiz, gənc rəssam Fidan Kimin Azərbaycan və Çin ornamentlərini özündə əks etdirən əsərləri nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları xalqımızın xalça toxuma və şəbəkə sənəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, o cümlədən musiqisinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, mətbəxinə aid müxtəlif nəşrləri paylanılıb.

Tədbirin aparıcıları ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyiblər. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyətini təqdim etmək üçün “ŞƏT bizim birgə evimizdir” layihəsi üzrə keçirilən silsilə tədbirlər çərçivəsində bu dəfə istisna olaraq ŞƏT-ə üzv olmayan, lakin təşkilatın “Dialoq üzrə tərəfdaşı” statusuna malik Azərbaycanın mədəniyyət günü keçirilir. Bu, Azərbaycanın ŞƏT ilə əməkdaşlığa verdiyi əhəmiyyətin və özünü bu ailənin bir üzvü olaraq görməyinin ən bariz göstəricisidir.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov bu cür tədbirlərin ŞƏT-də təmsil olunan ölkələrin mədəni əlaqələrinin dərinləşməsi, dövlətlər arasında ənənəvi dostluğun və əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyib. R.Əlimov bu gün qəlbləri oxşayan musiqi, alovlu rəqs, lirik poeziya vasitəsilə əfsanələr yurdu, zəngin və bərəkətli Azərbaycanın qədim, rəngarəng və fərqli mədəniyyəti ilə tanış olmaq imkanı yarandığını deyib.

ŞƏT Baş katibi ötən ay Azərbaycanda prezident seçkilərinin keçirildiyini xatırladıb, yenidən dövlət başçısı seçilən İlham Əliyevin ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri və əməkdaşlığı gücləndirməyə sadiqliyini bəyan etdiyini, hazırki tədbirin bunun bariz göstəricisi olduğunu deyib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı tədbirin Azərbaycan üçün əlamətdar bir vaxtda – müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə təsadüf etdiyini bildirib.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycanın fəal xarici siyasət yürütdüyünü diqqətə çatdıran səfir ölkəmizin öz nüfuzu ilə seçilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, qurumun işinə daha çox töhfə verə bilmək məqsədilə təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğunu vurğulayıb.

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisində baş katib Rəşid Əlimovun rəhbərlik etdiyi ŞƏT nümayəndə heyətinin müşahidəçilik missiyasını uğurla yerinə yetirdiyini diqqətə çatdıran Ə.Zeynallı missiyanın fəaliyyətinin və yekun bəyanatının Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Səfir Ə.Zeynallı Heydər Əliyev Fondunun tədbirin ərsəyə gəlməsində göstərdiyi böyük dəstəyi vurğulayaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təqdim və təbliğ olunduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, açıq və tolerant mühiti ilə seçilən Azərbaycan, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlığın, eyni zamanda, siyasi müzakirələrin aparıldığı, mədəni və dini liderlərin bir araya toplaşdığı qlobal mərkəz olaraq tanınır. Ölkəmizin paytaxtı Bakı isə dünya şöhrətli layihələrə yüksək səviyyədə ev sahibliyi etməyi bacarır. 2012-ci il “Eurovision” mahnı müsabiqəsi, 2015-ci il ilk Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2016-cı ildən başlayaraq Formula 1 Qran-Prisi kimi mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmış Bakı, 2025-ci ildə Ümumdünya Sərgisinin keçirilməsi üçün namizəd şəhərdir.

Çıxışlardan sonra Azərbaycana aid videoçarx nümayiş olunub.

Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. “Mirvari” rəqs ansamblının ifasında rəqslərimiz təqdim olunub. Solist Ülkər Əliyeva, Tarzən Şərhiyar İmanov və onun qrupunun ifasında mahnı və etno-caz kompozisiyaları tamaşaçıların marağına səbəb olub. Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova muğam dəsgahlarını ifa ediblər.

Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin təmas və ünsiyyət qovşağı rolunu oynayan Azərbaycan özünün mədəniyyəti, incəsənəti, musiqisi, ədəbiyyatı, sənətkarlığı ilə həmişə diqqəti cəlb edib. Azərbaycan tarixən Qərb və Şərq, Şimal və Cənub arasında mədəni körpü rolunu oynayıb və bu gün də oynamaqdadır. Uzun illər Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar. Etnik və dini müxtəliflik və multikulturalizm Azərbaycanda sadəcə dövlət siyasəti deyil, eyni zamanda, həyat tərzidir. Heydər Əliyev Fondu öz növbəsində Azərbaycan mədəniyyətinin, multikulturalizm dəyərlərinin inkişafı, onun xaricdə tanıdılması istiqamətində böyük işlər görür. Müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin, sərgilərin, təqdimatların təşkili, ölkəmizə aid nəşrlərin xarici dillərə tərcümə olunaraq nəşri, Bakıda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi xalqımızın zəngin mədəni irsinin təbliğində əhəmiyyətli rol oynayır.

Azərbaycan musiqisinin valehedici təsirinə düşən qonaqlar rəqqaslarımızla birgə “Yallı” gediblər.

Konsert proqramı boyunca səhnədə böyük ekranda Azərbaycana, onun tarixinə, görməli yerlərinə, müasir inkişafına, mədəniyyətinə, memarlığına, Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərə, Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində keçirdiyi tədbirlərə, Azərbaycanın tolerant və multikultural dəyərlərinə aid videoçarxlar təqdim olunub.

Azərbaycan mədəniyyət günü milli mətbəximizin təamları olan dolma, kabab, plov, kükü, paxlava, şəkərburanın təqdim olunduğu ziyafətlə başa çatıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Ötən il Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan dünya əhalisinin təxminən yarısını, dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dördə birini, Avrasiya ərazisinin 80 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz təşkilatda “Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunur.

Qeyd edək ki, Azərbaycan mədəniyyəti günü Çinin kütləvi informasiya vasitələrinin diqqətində olub. Çin Mərkəzi Televiziyası (CCTV) tədbir barədə 1 saatlıq geniş reportaj hazırlayıb. Bundan başqa, informasiya agentlikləri, nüfuzlu qəzetlər məqalələr və xəbərlər təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: