Şahmata maraq artıb

105

Qədim idman növü və “zəka oyunu” hesab edilən şahmatın inkişafına muxtar respublikamızda xüsusi diqqət yetirilir, bu sahədə perspektivli yeniyetmə və gənclərin yetişdirilməsi istiqamətində mühüm işlər görülür. Şahmatın orta ümumtəhsil məktəblərində ayrıca bir fənn kimi tədrisi yeniyetmə şahmatçıların idmanın bu növünə dərindən yiyələnmələri üçün geniş imkanlar açıb.

Bu sahənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, muxtar respublikanın bütün rayonlarında yeni müasir standartlara cavab verən şahmat məktəbləri inşa olunaraq yeniyetmə və gənclərin istifadəsinə verilir. Belə məktəblərdən biri də Kəngərli rayonunda istifadəyə verilən yeni Uşaq-gənclər şahmat məktəbidir.

2015-ci il mayın 1-də Kəngərli rayonunda müasir memarlıq üslubunda tikilmiş, gözəlliyi ilə seçilən şahmat məktəbi binasının istifadəyə verilməsi kəngərlili şahmatçıların böyük sevincinə səbəb olub. Məktəb zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarətdir. Burada 1-i elektron lövhəli olmaqla, 9 sinif otağı, kompüter sinfi, müəllimlər və hakimlər otağı, 54 yerlik oyun zalı və bufet vardır. Məktəbdə müasir tədris bazası yaradılmış, sinif otaqları və oyun zalı xüsusi masalar, maqnitli şahmat lövhələri və digər tədris vasitələri ilə təchiz edilib. Bu da rayondaxili müxtəlif yarış və birinciliklərin keçirilməsinə imkan verir.

Kompüter sinfində və hakimlər otağında, ümumilikdə, 10 kompüter dəsti quraşdırılıb. Xüsusi şahmat proqramları yüklənən və internetə qoşulan  kompüterlər vasitəsilə gənc şahmatçılar ölkəmizdə və dünyada keçirilən yarışları izləyir, şahmatın tədrisi üzrə yeni biliklər əldə edirlər. Binadakı elektron lövhələr şagirdlərin şahmatın sirlərinə dərindən yiyələnmələrinə, keçirilən açıq dərsləri izləməyə və rayonun ümumtəhsil məktəbləri ilə şahmat məktəbi arasında distant dərslərin təşkilinə imkan verir.

Hazırda rayon Uşaq-gənclər şahmat məktəbində 5-14 yaş üzrə 28 şagirddən ibarət 2 qrup fəaliyyət göstərir. İbtidai hazırlıq və təlim-məşq qrupları üzrə keçirilən məşğələlərdə şagirdlərə 3 peşəkar müəllim tərəfindən şahmatın sirləri öyrədilir. 3 saat davam edən məşğələlər hər həftənin 1-ci, 3-cü və 5-ci günləri keçirilir. Hər ayın 20-də keçirilən interaktiv dərslər elektron lövhələr vasitəsilə izlənilir. Dərslər birinci və ikinci dərəcəli şahmat müəllimləri tərəfindən keçirilir. Sual-cavab şəklində davam edən dərslərdən sonra şagirdlərə ev tapşırıqları verilir.

Uşaq-gənclər şahmat məktəbinin direktoru Rauf Heydərov məktəbin uğurlarından danışaraq bildirir ki, ötən dərs ilində məktəbimizdə əlamətdar günlərlə əlaqədar şahmat üzrə bir sıra yarışlar və rayon birincilikləri keçirilib. Bundan başqa, məktəblilərin yay tətili günlərində Şərur, Sədərək və Kəngərli rayonlarının gənc şahmatçılar arasında müxtəlif yoldaşlıq görüşləri olub. Həmin yarışlarda fərqlənən şagirdlərdən məktəbimizin yetirmələri olan Zəhra Behbudova, Pərviz Rzayev, Əli Məmmədov və digərlərinin adlarını xüsusi qeyd etmək olar. Yeniyetmə şahmatçımız Pərviz Rzayev hətta Türkiyə və  İranda keçirilən beynəlxalq şahmat yarışlarında iştirak edərək uğurlu nəticələr əldə edib.

Bir sözlə rayonumuzda müasir standartlara cavab verən Uşaq-gənclər şahmat məktəbinin tikilib istifadəyə verilməsi yeniyetmə və gənclərin şahmata olan marağının daha da artmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə və bu sahədə mütəxəssislərin hazırlanmasına geniş imkanlar açıb.

“Yeni həyat” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: