Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 20-24 noyabr tarixlərdə Türkiyə Respublikasının İstanbul şəhərində XVII MÜSİAD EXPO Beynəlxalq sərgisi keçirilmişdir. Sərgidə 33 ölkədən 7 mindən çox iş adamı, o cümlədən muxtar respublikada fəaliyyət göstərən “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının və “Az-Elektrod” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Sərgi çərçivəsində yerli sahibkarlıq subyektlərinin nümayəndələri sərgi ilə tanış olub, keçirilmiş konfransda iştirak ediblər. Brendlərin reklamı və yeni tərəfdaşlıq imkanlarının artırılması məqsədilə qarşı tərəfə muxtar respublikada istehsal olunan məhsullar haqqında geniş məlumatlar verilib.
İkili görüşlər zamanı “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının nümayəndəsi Türkiyə Respublikasının “Tatmetal” şirkətinin nümayəndəsi ilə, “Az-Elektrod” MMC-nin nümayəndəsi isə Türkiyənin Göktekin Enerji, Ücsa ambalaj, Aktaş, Maknart, Kocabey makine, FM Panel, Yeşilova şirkətlərinin nümayəndələri ilə potensial əməkdaşlıq əlaqələrinin yaradılmasına dair görüşlər keçiriblər.