NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Bldirilib ki, Azərbaycan Respublikasının Prezidenti 2018-ci il may ayının 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam çərçivəsində ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik nümunələr yaradıb. Doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetikası Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib.
Vurğulanıb ki, Müşfiqi bütün nəsillərə sevdirən onun səmimi poeziyasının xalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsidir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir.
Konfransda tələbələr görkəmli ədibin şeirlərini bədii qiraət etdikdən sonra şairin həyatından bəhs edən videomaterial nümayiş olunub.
Röyal Kərimov