Muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq ərazisində yerləşən Şahbuz rayonunda nəqliyyat infrastrukturu diqqət mərkəzində saxlanılır. Son illər yenilənən və müasir şərait yaradılan yolların rahatlığı yük və sərnişin daşımada problemləri tam həll edib. Ən ucqar kəndlərə qədər uzanan asfalt yollar buradakı həyatı da canlandırıb.
Şahbuz Rayon Statistika İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, 2018-ci ilin yanvar-avqust aylarında rayonda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 683 min tondan çox yük, 31 min nəfərdən artıq sərnişin daşınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1, sərnişin daşınması isə 1,5 faiz artıqdır. Yük və sərnişin daşınmasından bütövlükdə 2 milyon 500 min manata yaxın gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz çoxdur.