Şahbuz Dövlət Təbiət Qoruğunun bu günü

204

Ulu Tanrının əsirgəmədən təbii sərvətləri bəxş etdiyi coğrafiyalardan biri də ölkəmiz və onun dilbər guşəsi “Canlı təbiət muzeyi” adlandırılan Naxçıvan torpağıdır. Hər kəsə məlumdur ki, Naxçıvan təbiətinin zənginliyi baxımından Şahbuz rayonunun təbiəti xüsusilə seçilir. Elə buna görə də ümummilli liderimiz Heydər Əliyev hələ 2000-ci illərdə bu zənginliyi qeyd etmiş və onun qorunması, gələcək nəsillərə çatdırılması haqqında tapşırıqlar, tövsiyələr vermişdir. Bu tövsiyələr əsas götürülərək 2003-cü ildə Şahbuz rayonundakı “Batabat yaylağı” ərazisinin də daxil olduğu 3139 hektar sahədə Şahbuz Dövlət Təbiət Qoruğu yaradıldı. Qoruq xüsusi mühafizə statuslu təbiət obyektlərinə aiddir. Bu status yaradılan təbiət ərazilərində bütün təbii proseslərin insan təsiri olmadan izlənməsinə şərait yaradır. Qoruq ərazisi dəniz səviyyəsindən 2200-2400 metr yüksəkliyə malik olan dağlıq sahələrdə Biçənək aşırımı, Batabat göllərinin olduğu əraziləri əhatə edir. Qeyd etdiyimiz kimi, bu ərazilər zəngin, relikt və endemik növlərin məskunlaşdığı kompleks təbiət abidəsini xatırladır. Yeri gəlmişkən, Biçənək meşəsi qədimiliyinə, növ müxtəlifliyinə, nadir növlərin mövcudluğuna görə təbiət abidəsi kimi qeydə alınıb. Ərazilərində 2900 növdən çox bitki, 285 növ heyvan məskunlaşmış qoruq geoloji cəhətdən də qədimiliyi ilə seçilir və meşələri yaşlı çöküntülərdən ibarət olan sıldırım qayalıqlarla əhatə olunub.

Qoruq su ehtiyatları cəhətdən də zəngindir. Burada adı dillər əzbəri olan “Zorbulaq” və 3 Batabat gölü vardır. Naxçıvanın öz ərazisində formalaşan ən bolsulu çaylarından olan Naxçıvançay da mənbəyini elə qoruq ərazisində olan dağ yamaclarından götürüb. Muxtar respublika ərazisində yağıntının çox olduğu ərazilər də buradadır.

Qoruq ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazisinin 85 faizini palıd, 5 faizini ardıc, Araz palıdı, 7 faizini yemişan, qalan 3 faizini isə alma, alça, daş armud və müxtəlif kollar təşkil edir. Bu ərazilərdə çoxlu bəzək bitkiləri, o cümlədən ətirli endemik süsən növləri, səhlab, dağ lalələrinə rast gəlmək olar. Flora ilə yanaşı, fauna ehtiyatları da zəngindir. Xüsusilə qeyd edək ki, qoruq ərazisi dünya təbiətinin nadir inciləri hesab edilən Zaqafqaziya qonur ayısı, bəbir, muflonlar kimi növlərin məskən tapdığı təbiət əraziləridir.

Qeyd etdiyimiz kimi, qoruq yaradıldıqdan sonra burada mövcud olan flora və fauna ehtiyatları dəfələrlə artıb. Qoruğun yaradıldığı tarixdən keçən 15 il ərzində meşə ehtiyatları dəfələrlə çoxaldılıb. Regionun təbii zənginliyi, təbiət və tarixi memarlıq abidələri, yay aylarında sərin və təmiz havası, mineral, “buz kimi” bulaqları, “Üzən ada” kimi təbiət kompleksləri bu diyarın turizm potensialı olmaqla insanları buraya cəlb edir. Hər kəsin yaradılmış bu əlverişli şəraitdən istifadə etməsi onun vətəndaşlıq hüququdur. Bura eyni zamanda, təsərrüfat sahibkarlarının, xüsusilə arıçı təsərrüfatçıların yay aylarında məskunlaşdığı əsas təbiət ərazilərindəndir. Yeri gəlmişkən onu da qeyd edək ki, burada istirahət etmək üçün turizm mərkəzlər, iaşə məntəqələri fəaliyyət göstərir. Qoruq ərazisinə bufer zonada yaradılmış bu əlverişli mühitdən gələnlər razılıqla istifadə edirlər.

Burada digər bir məsələ vardır ki, o da təbiətə qayğı ilə yanaşılması, ətraf mühitin təmizliyi və təbiətdən düzgün istifadə edilməsidir. İstirahət ərazilərində tullantıların ətrafa atılmaması, meşə ilə örtülü ərazilərdə tonqal yandırılmaması, qoruq ərazisində maşınla hərəkət edən zaman yanıcı maddələrin ətrafa yayılmaması kimi qaydalara əməl etməklə biz də vətəndaşlıq borcumuzu yerinə yetirmiş olarıq. Qoruqların, yasaqlıqların təşkil olunmasında məqsəd təbiəti qorumaq və gələcək nəsillərin də bu gözəlliklərdən istifadə etməsi üçün şərait yaratmaqdan ibarətdir. Naxçıvanın təbii gözəllik baxımından zəngin potensiala malik olan Şahbuz Dövlət Təbiət Qoruğunun, qoruğa yaxın və digər təbiət ərazilərinin qorunması üçün hamımız çalışmalı, qayğı göstərməliyik.

Elman Məhərrəmov

Şahbuz Dövlət Təbiət

Qoruğunun əməkdaşı

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: