NUHÇIXAN xəbər verir ki, bu il Şərur rayonunda 12 hektara yaxın ərazidə tütün əkilib.
Rayonun təbii iqlim şəraiti bu sahənin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı, tütünçülüyə ayrılan subsidiya, eləcə də güzəştli şərtlərlə lizinq yolu ilə texnikaların verilməsinin nəticəsidir ki, rayonda tütünçülüyə maraq xeyli artıb. Hazırda sahələrdə tütünün üçüncü qırımı həyata keçirilir.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafına stimul olub. Tütünçülük məhsullarının ixracına geniş şərait yaradıb. Ötən ildən başlayaraq Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Naxçıvanda istehsal olunan məhsullar Türkiyə ərazisinə rüsumsuz olaraq ixrac olunur. Bu da tütünçülüklə məşğul olan naxçıvanlı sahibkarların yaxşı qazanc əldə etməsinə şərait yaradır.
Mədinə Rəhimli