Sağlamlıq imkanları məhdud uşaqların təhsili diqqət mərkəzində saxlanılır

224

Azərbaycanda həyata keçirilən təhsil strategiyasının əsas istiqamətlərindən biri də uşaqların sağlam və firavan böyüməsinə, gənc nəslin  xalqına və vətəninə layiqli bir vətəndaş kimi formalaşmasına, onların gələcək həyatlarının yüksək səviyyədə təmin olunmasına yönəldilib.

Bildiyimiz kimi cəmiyyəti formalaşdıran, inkişaf etdirən əsas amillərdən biri də təhsildir. Güclü ideyaların insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən təhsilə, təlim-tərbiyə prosesinə tətbiqi müasir cəmiyyətin xarakterik xüsusiyyətlərindəndir. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin başlıca məqsədi də təhsil alanları sağlam düşüncəli, yüksək bilikli şəxsiyyət və vətəndaş kimi formalaşdırmaqdır. Müstəqillik əldə olunandan sonra respublikamızda sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün mühüm  addımlar atılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğının göstəricisidir. Proqramın qəbul edilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarını təmin etmək, onları tam və bərabərhüquqlu şəxsiyyət kimi formalaşdırmaq, tədris prosesində müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq, bu sahə üzrə müvafiq pedaqoji kadrlar hazırlamaqdan ibarətdir. Proqramın icrasını həyata keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılıb. Komissiyanın iştirakı ilə monitorinqlər aparılıb. Monitorinqlər zamanı bu qəbildən olan uşaqlarla fərdi qaydada söhbətlər edilib, Naxçıvan Müəllimlər İnstitutu tərəfindən hazırlanmış “Xüsusi qayğıya ehtiyacı olan şagird haqqında məlumat kitabçası”nın işlənmə qaydası yoxlanılıb.

Naxçıvan Regional İnformasiya Mərkəzində əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən, lakin hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 22 nəfər sağlamlıq imkanları məhdud uşağın tədrisə cəlb olunması məqsədilə Distant Tədris Mərkəzi yaradılıb. Eyni zamanda burada nitq problemi olan uşaqlar üçün defektoloji bölmə, kinetik və əmək terapiyası, audio və elektron kitabxana xidmətləri də fəaliyyət göstərir.

Bununla yanaşı muxtar respublikanın ümumtəhsil məktəblərinin sınaq imtahanlarında yüksək nəticə göstərən aztəminatlı ailələrin və sağlamlıq imkanları məhdud uşaqların mütəmadi olaraq Ağbulaq İstirahət Mərkəzinə ekskursiyası təşkil edilir. Bu layihənin reallaşdırılması sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikamızın füsunkar və zəngin təbiətə malik olan bölgələrini daha yaxından tanımalarına kömək edir. Həmçinin asudə vaxtlarının səmərəli təşkil edilməsi, müxtəlif idman yarışlarına cəlb olunmaları,  onların sağlam ruhda böyüməsinə stimul verir. Vətənimizin tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən filmlərin nümayiş etdirilməsi bu qəbildən olan uşaqların ümumi dünyagörüşünün formalaşmasına öz müsbət təsirini göstərir.
Həmin uşaqlar arasında müxtəlif yaradıcılıq müsabiqələrinin, mütaliə yarışlarının keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən  sağlamlıq imkanları məhdud uşaqların elektron məlumat bazası yaradılıb. Bu qəbildən olan uşaqların ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilməsi, onlar üçün əlverişli təhsil mühitinin yaradılması Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

                                                                      Kamal Fərəcov

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: