Sağlamlığımıza balta vuranlar, yaxud sabahımıza qarşı biganəlik

102

Son zamanlar arıqlamaq üçün  istifadə olunan məhsulların sosial şəbəkələr üzərindən onlayn satışlarının təşkili geniş vüsət alıb.

Həkim və dietoloq nəzarətindən kənar, necə gəldi satılan həmin məhsullardan isə  ən çox istifadə edən xanımlardır. Elə bəlkə də ona görədir ki,  bu sahə getdikcə gəlirli bir biznes yuvasına çevrilir. 

Qısa araşdırma apardıq. Məlum oldu ki, dünyada ən çox istfadəçisi olan  “İnstagram” şəbəkəsində “Herbalife Naxçıvan” adında onlarla səhifə yaradılıb. Əvvəl güclü reklamı aparılan bu məhsullar özünə kifayət qədər maraq cəlb etdikdən sonra onlayn yolla muxtar respublikaya gətirilərək satılır. Özü də insanların etibarından sui-istifadə edilərək qat-qat baha qiymətə, bəzən 100-150 manata. Həm də onların əksəriyyəti xaricdə istehsal edildiyindən bu məhsulların tərkibinə nəzarət imkanları da zəifdir.   Halbuki bu məhsullardan  mütləq ixtisaslı  dietoloqların nəzarəti altında istifadə olunmalıdır.   Amma təəssüf ki, arıqlama məhsullarının satışı ilə məşğul olanlar nə həkim, nə də dietoloqdur. Onlar sadəcə öz ciblərini bizim sağlamlığımız naminə dolduran işbazlardır.  Beləcə, həmin işbazların toruna düşən insanlarımız öz əlləri ilə öz sağlamlıqlarına, necə deyərlər,  balta vururlar. 

Yuxarıda da qeyd etdiyimiz kimi onlayn yolla satılan bu məhsullardan istifadə həkim-dietoloq nəzarəti altında həyata keçirilməlidir.   Sosial şəbəkələrdə bu məhsulları reklam edərkən məhsulun istifadəsinin fiziki rahatsızlığı və bir sıra xəstəliyi olanlara qadağan edildiyi  bildirilir.  Onda sual oluna bilər: Bəlkə bu məhsullardan istifadə edən şəxs hər hansı bir xəstəliyin daşıyıcısı olmaqdan özü də xəbərsizidir,  o zaman həmin adamda baş qaldıran fəsadlara görə kim cavab verir?!

Məhsullardan istifadə edənlər “bir neçə günə 4-5 kiloqram arıqladım”,- deyib aləmə hay təpir, sevinclərini başqaları ilə də dəpaylaşırlar. Sirr deyil ki, bu paylaşmalar  əsasən məhsulun satıcıları tərəfindən müştərini cəlb etmək üçün düzülüb-qoşulur.

Məhsulların tərkibi və ya zərərlərli tərəfləri barədə isə  mütəxəssislər durmadan həyəcan təbili çalırlar. Bəziləri hətta ölümə səbəb olacağını  deyirlər.  Bir sözlə, qısa zamanda itirilən çəkilər sağlamlığımıza, nəticə etibarı ilə sabahımıza  çox ciddi zərbələr vurur. 

Əziz xanımlarımız,  mənim fikrimcə arıqlamaq özfəaliyyət olmamalıdır. Təbii ki, bütün qadınlar gözəl görünmək istəyir. Amma bu, sağlamlığımız naminə başa gəlməməlidir. Artıq çəkidən qurtulmağın ən gözəl yollarından biri düzgün və səmərəli qidalanma, aktiv həyat tərzi və idmandır. Hər insanın orqanizmi onun bağçasıdır, iradəsi isə  bağbanı. Hərəkət həyatdır. “Sağlam həyat sağlam idman və aktivliyin nəticəsidir”. Bu deyim idman sahəsində çalışan həkimlərin apardıqları araşdırmalardan sonra özləri üçün seçdikləri devizdir.  

Sevindirici haldır ki, bu gün muxtar respublikamızda qadınlar üçün ən yüksək səviyyədə idman alətləri ilə  təmin olunan aerobika, fitnes, bədii gimnastika salonları, tennis və üzgüçülük mərkəzləri fəaliyyət göstərir. Əgər Naxçıvanda bizim sağlamlığımız, ideal çəki və bədən quruluşuna sahib olmağımız üçün hərtərəfli imkan yaradılıbsa, bəs nə üçün biz bu imkanlardan səmərəli istfadə etməyək?! Gəlin, arıqlama, çəki itirmə adı ilə bizə sıranan zərərli vasitələrdən uzaq duraq, sağlamlığımıza suni yollarla balta vurmayaq. Axşamları Naxçıvan şəhərinin sakit, təmiz yollarında bir saat yürüyüş etmək,  görün, sizin sağlamlığınıza  nə qədər müsbət təsir edəcək. Deyirlər, güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq istəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə yenə də qaç!  

Bu məqamda bir qədər geriyə qayıdaq. Hələ ötən  ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup şəxs tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz olaraq muxtar respublika ərazisinə gətirilməsi və satışının təşkilinin qarşısı alınmışdı. Aparılan araşdırmalar zamanı məlum oldu ki, bir qrup şəxs  heç bir tibbi təhsili olmadığı halda qanunsuz olaraq bir qrup şəxslə əvvəlcədən razılığa gələrək dövlət qeydiyyatına alınmamış və normativ-texniki tələblərə cavab verməyən dərman preparatlarının muxtar respublika ərazisindəki əczaxanalarda satışını təşkil edib. Həmin şəxslər  sosial şəbəkələrdəki (facebook və insta­gram) səhifələrində özünü insanlara həkim kimi təqdim edərək  ictimaiyyət arasında tanınmağa çalışaraq asan qazanc dalına düşmüşdülər. Amma vaxtında görülən tədbirlər nəticəsində həmin şəbəkənin qanunsuz əməllərinin qarşısı alındı. 

Gəlin, bu cür hallara qarşı hər birimiz barışmaz olaq və sağlamlığımıza biganə yanaşmayaq!!! Sizinlə söhbət etdi:

Sara Əzimova

                                                                 Jurnalist

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: