Sağlam qidalanma vacibdir

205

Müasir dövrdə düzgün qidalanma, artıq çəkilərdən yaxa qurtarmaq və bununla da sağlam və rahat ömür sürmək insanları düşündürən ən əsas məsələlərdən birinə çevrilmişdir. Lakin bu məsələ ilə mübarizə dildə səslənən qədər asan deyil. Bu gün qloballaşan dünyada, sözün əsl mənasında, artıq çəki və piylənmə insanları narahat edən böyük bir problemə çevrilmişdir. Bəzi ölkələrdə bu hal hətta böyük bir böhran halını almışdır. Dünyanın bir çox ölkəsində bu problemlərin aradan qaldırılması, yaxud da normal vəziyyətə gətirilməsi üçün bir sıra araşdırmalar aparılır. Aparılmış araşdırmaların nəticəsində son 40 ildə artıq çəkidən əziyyət çəkən insanların sayının 6 dəfədən çox artdığı məlum olmuşdur. Bu vəziyyətin davam edəcəyi halda 2025-ci ildə dünya üzrə kişilərin 18 faizi, qadınların isə 21 faizinin piylənmədən əziyyət çəkəcəyi bildirilir. Məsələnin vacibliyini nəzərə çatdırmaq üçün alimlər gələcək 10-15 il ərzində dünya əhalisinin üçdə birinin artıq çəki və piylənmə problemi ilə üz-üzə qalacaqlarını bildirirlər.

Artıq çəki, piylənmə insanlarda bir çox orqan və sistemlərə, başlıca olaraq ürək-damar sisteminə öz mənfi təsirini göstərir, şəkərli diabet, aşağı ətrafların damar xəstəlikləri, oynaq və yüksək təzyiq kimi xəstəliklərə səbəb ola bilir.

Bu məsələ ilə bağlı Kəngərli Rayon Mərkəzi Xəstəxanasının diaqnostik həkimi Coşqun Babayevlə söhbətimiz oldu. Coşqun həkim bildirdi ki, bu problemlər əsasən əhalinin yağlı qidalara meyilliyi və az hərəkətliyindən irəli gəlir. Bəzi hallarda da ərzaqların tərkibinin dəyişdirilməsi, əlavə qatqı maddələri ilə zənginləşdirilməsi orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur ki, bu da artıq çəki və piylənməyə gətirib çıxarır. Digər tərəfdən artıq çəki və piylənmənin başqa səbəblərini də gözardı etmək olmaz. Adıçəkilən xəstəlik irsi meyillilik və düzgün qidalanmadan, eyni zamanda əsəb-sinir sistemi, stress amillərindən də irəli gələn bir prosesdir.

Psixoloqların fikrinə istinadən deyə bilərik ki, artıq çəki və piylənmə insan psixikası ilə də bağlı ola bilər. Onlara görə, çəkialma prosesini formalaşdıran səbəblərdən biri də şüuraltına göndərdiyimiz informasiyadır. Yəni, gərginliyə düşdüyünü hiss edən insanlar adətən az qida qəbul etsələr də, onların çəkilərində artma müşahidə edilir. Deməli, əhval-ruhiyyəmiz də artıq çəki və piylənmə prosesinin başlanmasına səbəb ola bilir.

Artıq çəkinin əsas səbəblərindən biri də hərəkətsizlik, yaxud da az hərəkət etməkdir. İnsanlar qidalandıqdan sonra hərəkət etmədikləri təqdirdə daxil olan enerji ilə istifadə edilən enerji arasında balans pozğunluğu yaranır ki, nəticədə çəki sürətlə artmış olur.

Bəs artıq çəkilərdən xilas olmaq üçün biz nə etməliyik?

– Əvvəlcə balanslı qida rejimini formalaşdırmalı, gün ərzində rejim xaricində qidalanmamağa səy göstərməliyik. Qida rasionumuzda yağları azaltmaqla yanaşı, meyvə və tərəvəzlərə üstünlük verməliyik. Qidalarımızı seçərkən şirniyyatlarla zəngin süfrələrimizin sayını azaltmağımız da məsləhətdir. Oturaq həyat tərzini daha hərəkətli həyat tərzi ilə əvəz etməklə qidalandığımız zaman qəbul etdiyimiz enerji miqdarını sərf etdiyimiz enerji miqdarı ilə balanslaşdıraraq orqanizmimizə kömək edərik. Axşamlar, əsasən də gec saatlarda qida qəbulundan imtina etməklə düzgün qidalanma rejimimizi quraraq artıq çəkidən və piylənmədən bir addım geri çəkilmiş olarıq.

Artıq çəki və piylənmədən yaxa qurtarmağın digər önəmli yollarından biri də gündəlik həyatımıza idman saatlarını əlavə etməkdir. Mütəmadi olaraq gün ərzində yürüş və gəzintilərə çıxmaqla biz rahatlığımızı təmin edər, artıq çəki və piylənmənin qarşısını ala bilərik.

Anar QASIMOV

“Yeni həyat” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: