Sağlam gənc nəslin formalaşmasında bədən tərbiyəsi və idmanın mühüm rolu vardır

167

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.

Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi çox qədimlərə dayanır. Bu sahə xalqımızın həyat tərzi, yaşayışı və mədəniyyəti ilə sıx bağlıdır. Azərbaycan folklorunda, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanında igidlərin oxatma, atçapma, güləş və başqa xalq oyunlarında hünər göstərmələri əks olunmuşdur. Digər bir tərəfdən əcdadlarımız Qobustanda və Gəmiqayada qaya üzərində müxtəlif fiziki hərəkətlər təsvir etmişdir. Bütün bunlar Azərbaycanda idmanın qədim tarixindən xəbər verir.

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır.

Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulmuş, maddi-texniki baza möhkəmləndirilmişdir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir.

Naxçıvan Muxtar Respublikasında da idmanın maddi-texniki bazası xeyli gücləndirilmişdir. Son illər muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 8 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, stadionlar, peyntbol meydançası, yeni olimpiya ağırlıqqaldırma qurğuları, ümumtəhsil məktəblərində müasir idman zalları və digər idman avadanlıqları quraşdırılmışdır. Ötən dövrdə muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanmış, 2002-ci ildə Boks, Güləş, Karate-do, Şahmat, Futbol, Voleybol, Yüngül Atletika, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal İdman Növləri və Atıcılıq federasiyaları yaradılmışdır. Bundan başqa, 2013-cü ildə “Araz-Naxçıvan” Peşəkar Futbol Komandasının fəaliyyəti bərpa olunmuş, Əlincə Stolüstü Tennis Klubu fəaliyyətə başlamış və 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası yaradılmışdır.

Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bu gün muxtar respublikamızda, ümumilikdə, 40 minə yaxın yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.

2017-ci ildə də idmanın kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində bir sıra işlər görülmüş, məktəblilərin spartakiadasının keçirilməsi, zonalar üzrə müxtəlif idman yarışlarının təşkili davam etdirilmişdir. Muxtar respublika idmançılarının respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilmiş, idmançılarımız dünya çempionatlarında 5, Avropa çempionatlarında 1, Asiya çempionatlarında 2, Avrasiya çempioatlarıda 13, İslam Həmrəylik oyunlarında 1, beynəlxalq turnirlərdə 89, Azərbaycan birinciliklərində 129, medal olmaqla, cəmi 240 medal qazanmışlar. Həmçinin sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin idman bölmələrinə cəlbi, mövcud idman obyektlərindən ödənişsiz istifadəsi təmin olunmuş, məktəblilərin fiziki möhkəmliyinin artırılması, ildə iki dəfə olmaqla, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü, “Şahin” və “Sərhəd” hərbi idman oyunları keçirilmişdir. İdman yarışlarında fərqlənmiş idmançılar haqqında məlumat bankı yaradılmış, onların uğurları kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Muxtar respublikada qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində “Xatun” Bədii Gimnastika İdman Klubunun fəaliyyəti davam etdirilir. Hazırda muxtar respublikada 150-yə yaxın qız bədii gimnastika ilə məşğul olur. Həmçinin nazirliyin tərkibində stolüstü tennis, ağırlıqqaldırma və üzgüçülük bölmələri açılmış, bölmələrə müraciət edənlərin əksəriyyətini gənc qızlar və oğlanlar təşkil etmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən Şərur Olimpiya İdman Kompleksində qızların idmana cəlb edilməsi, idmanın kütləviliyinə nail olunması məqsədi ilə üzgüçülük, bədii gimnastika və həndbol üzrə bölmələrin, həmçinin bu bölmələrdə fəaliyyət göstərən məşqçi-müəllimlərin ixtisasartırma kurslarına göndərilməsi işi də davam etdirilir.

İstifadəyə verilən müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açmışdır. Son illər bu imkanlardan lazımınca istifadə olunur, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə idmançı muxtar respublikada keçirilən yarışlarda iştirak edir. Naxçıvan Muxtar Respublikasında 2003-cü ildə 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, 2011-ci ildə karate üzrə “Naxçıvan Open” beynəlxalq turniri, 2011-ci ildən etibarən hər il mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirlər, beynəlxalq şahmat festivalları, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı, 2012-ci ildə MMA Qran-Pri üzrə Şərqi Avropa çempionatı, 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş qol-bol paralimpiya idman növü üzrə beynəlxalq turnir, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə “Dünya Kuboku” uğrunda yarış, 2015-ci ildə kikboksinq üzrə “Azərbaycan Kəməri” uğrunda yarış, 2016-cı ildə Usta ağır atletlər arasında Avropa çempionatı, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə karate üzrə Beynəlxalq turnir, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda paralimpiya festivalı, peşəkarlararası kəmər müdafiəsi uğrunda döyüşlər, 2017-ci ildə “Heydər Əliyev-2017” beynəlxalq boks turniri, futbol üzrə “Heydər Əliyev kuboku”  və digər mötəbər idman tədbirləri keçirilmiş, idmançılarımız muxtar respublikanı və ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə etmişlər.

Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr də məhz bu məqsədə xidmət edir. Ötən il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov demişdir: “Bu gün ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün imkanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə etsinlər. Ona görə də Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi istiqamətində fəaliyyətlərini gücləndirməli, idmanın kütləviliyi təmin olunmalı, idman obyektlərindən və qurğularından istifadə əhali üçün əlçatan olmalıdır”.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi qarşıya qoyulan vəzifələrin icrasını bundan sonra da diqqət mərkəzində saxlayacaq, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər davam etdiriləcək, istedadlı idmançılar nəsli yetişdiriləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: