Sağlam diş həm də xoş təbəssüm deməkdir - MÜSAHİBƏ

477

Muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf digər sahələr kimi səhiyyəni də əhatə edir.

Ötən il muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq  publik hüquqi şəxs statusunda fəaliyyət göstərən 3 səhiyyə müəssisəsi  təşkil edilib. Cari ilin əvvəlindən burada yeni qaydaların tətbiqinə başlanıb.  Bu günlərdə həmin müəssisələrdən birində – Stomatoloji mərkəzdə olduq. Müəssisənin  yeni təyin edilən baş həkimi   Azər Həsənov  2012-ci ildən bu müəssisədə işləyir. Onunla  mərkəzdə  görülən işlər barədə söhbət etdik.

-Azər həkim, əvvəlcə müəssisədə aparılan islahatlar barədə məlumat vermənizi  xahiş edirəm.

– Öncə onu bildirim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 3 oktyabr tarixli Sərəncamı ilə Stomatoloji mərkəzə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu verilib. Mərkəz çevrilmə yolu ilə yenidən təşkil edilib.  Müəssisənin fəaliyyəti üçün bütün işlər görülüb.

 Mərkəzin fəaliyyətinin əsas məqsədi muxtar respublikada stomatoloji tibbi xidmətin göstərilməsi, eləcə də bu sahədə təcrübi  biliklərə yiyələnməni  təmin etməkdir.

– Yeni idarəetmə mexanizmi möhkəm maddi-texniki baza tələb edir.

Elədir. Hazırda Naxçıvan    Muxtar    Respublikası     “Stomatoloji    Mərkəz” publik hüquqi şəxs   akademik Zərifə   Əliyeva   adına  Naxçıvan şəhər  poliklinikası  ilə  eyni  binada, 5-6-cı mərtəbələrdə yerləşir.  Mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.   5-ci   mərtəbədə  cərrahiyyə,   terapevtik     və    tədris,    6-cı   mərtəbə   isə     rentgenoloji müayinə, ortopedik      kabinə     və    texniki     laborotoriya     bölmələri  fəaliyyət göstərir.  Mərkəzdə həmçinin Mikroskop, Zoom aparatı, Elexsion Lazer aparatı  və digər  qurğular  mövcuddur.

Mərkəzdə istifadə olunan tibbi alətlərin sterilizasiyası yüksək səviyyədə həyata keçirilir.  Mərkəzimizdə həmçinin vizioqraf, apikal və panoram rentgen müayinələri aparılır.

   Diş ətinin iltihabı, şəkərli diabet xəstələrində  sağalmayan  ağız  yaraları,  diş  ətlərinin estetik bərpasında tam ağrısız və qansız  funksiyalar məhz lazer  aparatı  ilə yerinə yetirilir.  Zoom   aparatı   isə   dişlərin tam  ağrısız    ağardılmasına   xidmət  edən   müasir   tipli aparatdır.  Digər cihazlar da diş xəstəliklərini ən müasir şəkildə  müayinə və müalicə etməyə imkan verir.

 Mərkəzdə  8 həkim və 10 nəfər  tibb  işçisi   fəaliyyət  göstərir.

-Qarşınızda duran vəzifələr necə yerinə yetirilir?

Fəaliyyət istiqamətimiz çoxşaxəlidir. Ağız boşluğunda və dişlərdə müayinə, terapevtik və cərrahi müalicələr aparırıq. Eyni zamanda  elmi təbabətin və texnikanın nailiyyətlərini, eləcə də təbabətin qabaqcıl təcrübəsini də işimizdə tətbiq edirik.  Stomatoloji xidmət əslində çox diqqət və xüsusi ustalıq tələb edən bir işdir . Burada həkimdən həm peşəkarlıq , həm də sanitar-gigiyenik qaydalara ciddi riayət tələb olunur. Biz də işimizdə maksimim səviyyədə  bunu tətbiq edirik.  Bundan başqa, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələri də bizdə təcrübələr keçirlər.

 – Azər həkim, insan sağlamlığında dişlərin rolu nədir?

Diş ətləri və  çənələrin  sağlamlığı, ümumiyyətlə ağız  boşluğunun sağlamlığı insan orqanizminin sağlamlığı deməkdir. Sağlam  qidalanma  dişlərin və ağız boşluğunun digər orqanlarının sağlamlığı ilə sıx bağlıdır.  Təəssüf ki, dişlərimizin nə qədər əhəmiyyətli olduğunu ancaq bu sahədə hansısa  problemlər yaşadığımızda və ya onları itirməklə üz-üzə qaldığımızda anlayırıq.
Bu danılmaz faktdır ki, həyatımızın müxtəlif vaxtlarında qarşılaşdığımız  diş itkiləri bir çox fizioloji funksiyalarımızı ləngidir. Ümumi və ruhi sağlamlığımıza əhəmiyyətli dərəcədə mənfi təsir edərkən, estetik görünüşümüzü də pozan ciddi problemlərə gətirib çıxarır.  ”Dişin ağrıyır çək qurtar” kimi tibbi məsləhət indi  yalnız təbəssüm yaradır. Heç Əslinin bağrında   Kərəmin dişlərinin “kariyes” diaqnozu ilə  çəkilməsinə də ehtiyac yoxdur. Demək istəyirəm ki, dişlər yetkin adama bir dəfə verilir və onları mütləq qorumaq lazımdır. Bu baxımdan diş həkimliyi ən çətin , ağrılı  məqamlarda bizim köməyimizə gəlir.  Hazırda bizim mərkəzdə pasiyentlərə müasir stomatologiyanın mühüm sahələrini əhatə edən ixtisaslaşdırılmış və yüksək keyfiyyətli stomatoloji yardımlar göstərilir.  Mütəxəssislərimiz diş əti xəstəliklərinin müayinə və müalicələrini  aparır, müxtəlif üsullarla  plomb,  dişlərin estetik bərpası, diş daşlarının təmizlənməsi ,  əməliyyatla çəkiliş,   keramik dişlərin  qoyulması və ustalıqla digər tibbi xidmətlər icra edirlər.  Həmçinin mərkəzimizdə hər ayın sonuncu həftəsi implant əməliyyatı aparılır.

Dişlər təkcə yaxşı qidalanma deyil, həm də gözəl təbəssüm deməkdir. Ona görə də son vaxtlar ən dəbdə olan və ən çox tələbat görülən estetik olaraq dişlərin kimyəvi ağardılması da mərkəzimizdə  ən səmərəli, ən təhlükəsiz və ən asan üsulla həyata keçirilir. Xidmətləri göstərərkən xəstələrlə səmimi, gülərüz davranmaq iş prinsipimizdir.  Xüsusən keyfiyyətli mualicə prosesinde pasiyentin həkimdən  və onun işindən razı qalması  çox vacibdir. Məhz bu cür yanaşma bizə müraciət edən hər kəsin  sevgisini qazanmağımızın əsas səbəbidir.  Biz hər kəsi qane edən  qiymətlərlə yüksək və uzun müddətli  keyfiyyət  təklif  edirik.  Pasiyentlərə çatdırmaq istəyirəm ki, mərkəzin  tibbi personalı sizi daim gülər üzlə qarşılamağa və hərtərəfli  yardım göstərməyə  hazırdır.  Tibbi  personalın  məqsədi  sizə  sağlam dişlər,  xoş  gülüşlər bəxş etməkdir.

Müsahibə üçün sağ olun!

Hüseyn Əsgərov

Naxçıvan    Muxtar    Respublikası     Səhiyyə Nazirliyi mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: