Şəxsi heyətlə iş üzrə komandir müavinləri və hərbi psixoloqlarla seminar keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən avqustun 17-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə komandir müavinləri və hərbi psixoloqlarla “Azərbaycan Ordusunda tərbiyə işinin təşkili, hərbi qulluqçuların kateqoriyalarına görə fərdi tərbiyə işinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyinin şəxsi heyət baş idarəsinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyev seminarda hansı istiqamətlər üzrə fikir mübadiləsinin aparılacağını diqqətə çatdırıb.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-şəxsi heyət baş idarəsinin rəisi general-leytenant Kərim Vəliyev seminarda çıxış edərək qeyd edib ki, tərbiyə işinin təşkilində hərbi qulluqçuların kateqoriyalarına görə fərdi tərbiyə işinin xüsusiyyətlərinə ciddi diqqət yetirilməlidir. General-leytenant K.Vəliyev bildirib ki, tərbiyə işi şəxsiyyətin, eyni zamanda, əsgərin hərbi kollektivdə şəxsiyyət kimi formalaşması və inkişafı üzrə həyata keçirilən məqsədyönlü, sistemli bir fəaliyyətdir. Nazir müavini qarşıda duran tapşırıqları bir daha diqqətə çatdırıb, şəxsi heyətlə iş üzrə komandir müavinləri və hərbi psixoloqlara tövsiyələr verib.
Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ceyhun Əliyev, Bakı İslam Universitetinin əməkdaşı ilahiyyatçı Hacı Təyyar Hüseynli çıxışlarında fərdi xüsusiyyətlərin və gənclərin vətəndaş kimi formalaşmasında İslami dəyərlərin rolundan danışıblar.
Çıxış edən müxtəlif kateqoriyalı zabit və mütəxəssislər tərbiyə işinin təşkili, həmçinin fərdi xüsusiyyətlərin aşkarlanmasında və sistemləşdirilməsində psixoloji testlərin əhəmiyyətindən, keçirilmə mexanizm və metodlarından danışıblar.
Seminarda Gəncə Zabitlər Evinin mövzu ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.