Şərurlu qadınların əl işləri sərgiyə çıxarılıb
NUHÇIXAN xəbər verir kİ, Şərur şəhərindəki Olimpiya İdman Kompleksində istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış təşkil olunub.
Həyata keçirilən dövlət – qadın siyasətinin tərkib hissəsi kimi xüsusi istedadı ilə seçilən, rəssamlıq, toxuculuq sənətini, milli-mənəvi dəyər nümunələrini yaşadan qadınlara diqqət və qayğı yüksək səviyyədədir. Onların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının istiqamətləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Sərgidə qeyd olunub ki, 2016-cı ildə rayonda keçirilən ilk sərgi-satışa 81 istedadlı qadının 460 əl işi çıxarılıb. Ötən ilki sərgi-satışda 87 istedadlı qadının hazırladığı 563 sənətkarlıq nümunəsi nümayiş etdirilib. Bu ilki sərgi-satışa isə 98 istedadlı qadının 624 rəsm əsəri və müxtəlif əl işləri çıxarılıb.
Sonra sərgi-satışa baxış olub. Sulu və yağlı boya ilə çəkilən tablolar, milli geyimlər, toxuculuq, bir-birindən maraqlı dekorativ tətbiqi sənət nümunələri sərgiyə tamaşa edənlərin marağına səbəb olub.
Cavid Səfərli