Şərurda texniki servis mərkəzi yaradılıb

131

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şərur rayonunda texniki servis və ehtiyat hissələrinin satışı mərkəzi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və  Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev Şərur şəhərində yerləşən yeni xidmət sahəsinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edib, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,   “Naxçıvan Avtomobil Zavodu” MMC-nin fəaliyyətinin stimullaşdırılmasına  2010-cü ildə 1 milyon manat, 2018-ci ildə müxtəlif markalı avtomobillərin komplektləşdirilmiş hissələrinin alınaraq yığılmasına, texniki servis və ehtiyat hissələrinin satışı mərkəzinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat vəsait olmaqla, ümumilikdə müəssisəyə 2 milyon manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Müəssisə tərəfindən 999 min 122 manat komplektləşdirilmiş hissələrin alınmasına, 146 min manat Şərur rayonunda texniki servis və ehtiyat hissələrinin satışı mərkəzinin yaradılmasına yönəldilib.

Yaradılan yeni xidmət sahəsində son texnoloji nailiyyətlərə əsaslanan Çin Xalq Respublikası mənşəli avadanlıqlar quraşdırılıb.

Texniki servis mərkəzində mühərrikçi, avtomobillərin diaqnostik müayinəsi, yağ dəyişmə, təkər təmiri, avtomobil təkərlərinin 3D ölçüdə tənzimlənməsi, avtomobil kondisionerlərinin təmiri, yuyucu, çilingər, iş otaqları, anbar və ehtiyat hissələrinin satışı mərkəzi yaradılıb. Bu,  Şərur, Kəngərli və Sədərək rayonlarında  istismar olunan “Naz-Lifan” markalı minik avtomobillərinə yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq.

Yeni yaradılmış texniki servis və ehtiyat hissələrinin satışı mərkəzində nümunəvi xidmət göstərilməklə bərabər 11 yeni iş yeri də açılıb. Orta aylıq əməkhaqqı 350 manat təşkil edir.

Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: