Əzizim Naxçıvana,
Yol gedir Naxçıvana.
Şərurum bir tamaşa,
İndi gəl Naxçıvana.
Elə ki, hava qaraldı, qaranlıq gecənin bağrını dələn bir səs yüksəlir göyə. Yallının səsi. Onda nə hikmət, nə ululuq varsa adamı tez əfsunlayır, sehrinə salır. Nağaranın səsi dağlarda, daşlarda əks-səda verir. Hay-harayın kəndləri bürüdüyünün şahidi olursan, çiyinlər birləşir, qollar çarpazlaşır, ayaqlar şimşəkdən sanki güc alır. Mağar boyu halay qurulur, yallı tutulur. Belə başlanır Şərur toyları. Yaşlı nənələr, sinəsi sazlı-sözlü babalar, müdrik insanlar danışırlar ki, bu qədimlərdə də belə olub. Şərur elinin bütün məclisləri yallı ilə başlayıb, yallı ilə sona çatıb. Bu yurd yerinin suyundan içib, havasından udan hər kəs bu qədim rəqsin bir neçə növünü bacarırmış. Əslində elə indi də Şərurda az adam tapılar ki, bütövlük, birlik simvolu olan vətənpərvərlik, mübarizlik təlqin edən bu qədim rəqsi bilməsin. Elə yallı Şərur elinin “milli emblem”idir aforizmi də bu mənada yaranıb. Həm də ona görə ki, Şərur deyiləndə milli folklorumuzun bu qədim növü yada düşür. Nə zaman keşməkeşləri, nə də müasirləşmə yallılarımızı bizə unutdura bilməyib.
Şərurda fəaliyyət göstərən folklor ansamblları incəsənətimizin bu nadir növünü qoruyub yaşadır. Nəsildən-nəslə ötürücü, zənginləşdirici missiyasını uğurla davam etdirir. Yenidənqurma və əsaslı təmirdən sonra estetik görünüşü ilə göz oxşayan Şərur Rayon Mədəniyyət Şöbəsinin binasından ətrafa yayılan gözəl bir musiqiyə hakim kəsilmək isə bir başqa aləmdir.
Yallılar milli pasportumuz olan tarixi abidələrimiz qədər dəyərlidir. Səsi-sorağı sərhədləri aşır Şərur yallısının. Haralarda olmayıb Şərur yallısı?
1924-cü ildən fəaliyyətə başlayan bu folklor ansamblı böyük səhnəyə 1936-cı ildə qədəm qoyub. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə doğurduğu rezonans isə o zaman dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu münasibətlə kollektivə göndərdiyi təbrik teleqramında da öz əksini tapıb.
Milli mənəvi varlığımızın, qəhrəmanlıq, mübarizlik kimi ali keyfiyyətlərinin təcəssümü olan bu qədim sənəti yaşadan kollektiv Azərbaycan tarixinin dirçəliş mərhələsinin başlanğıcından fenomenal şəxsiyyət Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublika ümumittifaq miqyaslı tədbirlərin fəal iştirakçısına çevrilib.
Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Kimya Babayeva deyir ki, Azərbaycanın milli mədəniyyətinin, folklorunun gözəl incilərindən biri yallılarımızdır. Yallılar Azərbaycanın bir çox bölgələrində yayılıb və inkişaf edib. Amma ən çox yallı növü Şərur mahalında geniş yayılıb. Şərur yallısının çox böyük tarixi var. Bir əsrə bərabər yaşı olan rəqs növü bu günümüzədək qorunub, saxlanılıb. Məqsədimiz gələcək nəsillərə təqdim etməkdən ibarətdir. “Şərur” yallı ansamblı əvvəllər kiçik qrup şəklində olub. Sonradan dahi bəstəkar Üzeyir Hacıbəyovun SSRİ Ali Sovetinə bu rayondan deputatlığa namizədliyi irəli sürülüb. Onun seçiciləri ilə göruşə gəlməsi zamanı konsert proqramı təşkil olunub. Yallı bəstəkarın çox xoşuna gəlib. Deyib ki: “Azərbaycanda da yallılar var, amma yallı Şərurda doğulub. Yallının məkanı Şərurdur”.
Sözsüz ki, belə gözəl fikirlər müəyyən zamanlarda ulu öndərimiz Heydər Əliyev tərəfindən də deyilib. Biz Bakıda keçirilən tədbirlərdə iştirak edəndə, Ulu Öndər bizim kollektivə yaxınlaşıb bildirdi ki: Şərur yallısı bizim dünənimiz, bu günümüz və gələcəyimizdir. Şərur yallılarını qoruyub saxlamalıyıq”. Bu fikirlər bu gün də bizim üçün önəmlidir. Şərur yallı ansamblı doğma Naxçıvanımızı nəinki Azərbaycanda, ondan kənarda ,dünyanın bir çox ölkələrində keçirilən folklor festivallarında təmsil etmişdir. Keçmiş SSRİ dönəmində biz Almaniyada, Macarıstanda, Polşada, müstəqillik əldə olunduqdan sonra 2000-ci ildə Misir Ərəb Respublikasında keçirilən folklor festivallarında iştirakçısı olmuşuq. Kollektiv orada yüksək çıxışına görə “Qızıl açar” mükafatına layiq görülmüşdür. Mədəni əlaqələrimiz genişləndikdən sonra demək olar ki, hər il Türkiyə Respublikasına dəfələrlə dəvət olunur, folklor festivallarında iştirak edirik. Yaxın vaxtlarda türk ulusoyun xətti ilə bu ilin gözəl bir tədbiri milli bayramımız olan Novruza təsadüf etdi və biz 10 gün müddətində həmin tədbirlərin iştirakçısı olduq. Hər bir yallı üzvü təşəkkür bəlgəsi ilə qiymətləndirildi. Son 2-3 il ərzində bizim 4-5 unudulmuş yallımız səhnədə ifa olunur. Gözəl musiqi və hərəkətləri var. Şərur Yallı ansamblı üzvlərinin əksəriyyəti Azərbaycanın və Naxçıvanın fəxri adlarına layiq görülüblər. Onların arasında Prezident mükafatçıları da var. Biz çalışırıq ki, yüksək diqqət və qayğıya görə işimizin öhdəsindən layiqincə gələk.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları”. Buna görə də biz bu inciləri qoruyub saxlamalıyıq.
Xalqımızın yaratdığı belə rəqslər saysız-hesabsızdır. Mütəxəssislərin fikrincə bir vaxtlar Şərur bölgəsində yallının 100-dən çox növü olub. Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Şərur yallısının qorunması, yaşadılması və təbliğində Şərur yallı ansamblının mühüm rolu olub.
“Nurani” Yallı ansamblının üzvü Azad Qasımov: 1963-1964-cü illərdən bu kollektivdə fəaliyyət göstərirəm. MR-də və Azərbaycanda keçirilən əlamətdar günlərdə kollektivlə birgə iştirak etmişəm. Şərur yallı ansamblına marağı babalarımızdan öyrənmişik. Onlar toylarda yallı gedər və bizə də təbliğ edərdilər. Həm də bu yallıya həvəs bizim qanımızda, canımızdadır. Yallıya bugünkü qədər diqqət və qayğı olmayıb. 1972-ci ildə Moskvada “Ruhani xalq rəqsi” adlı veriliş verildi. Bir neçə yallını biz orada ifa etdik. Bakıda filarmoniyada yenə konsert təşkil olundu. Almaniyada qazandığmız nailiyyətlərə görə hamı ora yığışmışdı. Məqsədimiz o idi ki, onu gələcək nəsillərə ərmağan edək. 70-dən artıq yaşım var, yenə bu kollektivdə aparıcılardan biriyəm. Yaşlı insanların təmsil olunduğu “Nurani” yallı ansamblının 12 nəfər üzvü var. Onların 70-dən yuxarı yaşları olmasına baxmayaraq, el şənliklərində iştirak edirlər.
1972-ci ildə Almaniya Demokratik Respublikasında folklor festivalı keçirilir. Ansamblı bu tədbirə xalq artisti Əminə Dilbazi hazırlaşdırır. Məşhur rəqqasə xatirələrində yazır: “mən bilirdim ki, bizim yallı mədəniyyətimiz Naxçıvanda – Şərur torpağındadır. Biz ora-Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi.
Həmin il ansambl SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur. Kollektivə Xalq Yallı ansamblı status verilir. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində təşkil olunan Beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini əks etdirən “Şərur yallısı” sənədli filmi çəkilir. Kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqisi və rəqs ustalarının böyük xidmətləri olub. Müstəqillik dövründə ansambl daha böyük uğurlara imza atır. Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərində keçirilən Dədə-Qorqud festivallarında uğurla çıxış edir. 2001-ci ildə Misirin paytaxtı Qahirədə XII Beynəlxalq Folklor Festivalında da yüksək sənət nümayiş etdirirlər. Bu gün Şərur rayonunda “Şərur qönçələri” uşaq yallısı, “Gənclər yallısı” və “Nurani yallısı” fəaliyyət göstərir.
Azərbaycanın əməkdar mədəniyyət işçisi Səttar Əhmədov: “Şərur qönçələri” yallı ansamblı 1998-ci ildən rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Bu il ansamblın 20 yaşı tamam olur. Kollektivin 30 nəfər üzvü var. 15 oğlan, 15 qız. Repertuarda 20-yə yaxın yallı növü vardır ki, gənclər bu yallıları səylə mənimsəyib, ifa edirlər. 2006-cı ildə “Şərur qönçələri” ilk dəfə olaraq Türkiyənin Qars şəhərində keçirilən 1 nisan Cocuq bayramında uğurlu çıxışlarına görə qızıl medala layiq görülmüşlər. Uşaqların əksəriyyəti 9-13-16 yaş qruplarındadırlar. “Şərur” Xalq yallı ansamblının 6 nəfər üzvü “Şərur qönçələri”nin yetirmələridir.
Çalışırıq nəsildən-nəslə bu yallıları yaşadaq, inkişaf etdirək.
Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Milli dəyərləri xalqımızın varlığının vacib şərti hesab edən fenomenal şəxsiyyət deyirdi: “Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz”. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında , yaşayışında formalaşıb. Biz öz milli dəyərlərimizlə fəxr edirik. Milli dəyərlərimiz, onun əsas daşıyıcısı olan xalq yaradıcılığının qorunması, yaşadılması və təbliği sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət MR-də bu gün də uğurla davam etdirilir. 2016-cı il sentyabrın 30-da Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçirilib. Keçirilən festivallar MR-ın mədəni həyatında əlamətdar hadisə olub.
Xalqımızın birlik və mübarizlik rəmzi sayılan yallıların təbliği olduqca əhəmiyyətlidir.
Naxçıvan-Şərur el yallıları kitabı da xalq musiqi və xoreoqrafiya incilərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədli: Yallıların əksəriyyəti xalqın süzgəcindən süzülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Yallıların indiki dövrdə toplanıb nota salınması işini oğlum Kənan Məmmədli ilə özümüzə vəzifə borcu saydıq və bu yallıları toplayıb nota saldıq.
Biz 92 yallı növü topladıq. Yallının məkanı ilə maraqlandıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi İsgəndər Əliyev və MR-in əməkdar artisti tarzən Zöhrab Axundovun köməkliyi ilə yallıların toplanmasını həyata keçirə bildik. Yallıların əksəriyyət növü Şərur bölgəsində inkişaf edib. Gözəl musiqi və xoreoqrafiya abidəmiz olan yallıları toplayıb kitab halında gələcək nəslə ərmağan etdik. Belə qənaətə gəldik ki, harda yallı varsa, ora oğuz türklərinin torpağıdır.
Kitabda Azərbaycan xalq musiqi janrına aid olan yallılar, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi, bu dəstədə istifadə olunan çalğı alətləri, Şərurda ifa olunan yallılar haqqında məlumat verilmişdir.
Musiqişünas Kənan Məmmədli: Bir çox Azərbaycan bəstəkarları əsərlərində yallıların müəyyən növlərindən istifadə etmişdir. Yallı Şahbuzda bir adda ifa olunubsa, Şərurda digər adda ifa olunmuşdur. Yallının qədimliyi e.əvvələ gedib çıxır. Yallıların nota salınması işində atam Əkrəm Məmmədli ilə birlikdə yallıları qeydə aldıq. Kitab Naxçıvan MR Ali Məclisi Sədrinin təşəbbüsü ilə həyata keçirildi. Bu işi yenə də davam etdirmək niyyətimiz var.
Unutmayaq ki, yallı xalqımızın birlik rəmzidir. Onu qoruyub saxlamaq isə hər kəsin müqəddəs borcudur.
İki sahil qəzeti
Adilə Səfərova
Naxçıvan Televiziyasının baş redaktoru