Sərnişinlərə nümunəvi xidmət göstərilir

198

Culfa şəhərində müasir tələblərə cavab verən yeni avtovağzalda  ilin bütün fəsillərində, xüsusən soyuq payızda və qış aylarında sərnişinlərin rahatlığının təmin olunması üçün hər cür şərait yaradılıb. 2009-cu ilin oktyabrında müasir standartlara cavab verən avtovağzal binasının istifadəyə verilməsi sərnişindaşıma xidmətinə yeni töhfədir. Burada hər gün 600-dən çox sərnişinə xidmət göstərilir. Avtovağzal binasında gözləmə zalı, bilet satışı kassası, bərbərxana, bufet, dispetçer, mühəndis və müdir otaqları yerləşir.

Sərnişinlərə göstərilən nümunəvi xidmətlə ətraflı tanış olmaq üçün avtovağzalın müdiri Yasin İsazadə ilə görüşüb söhbətləşdik.

Yasin müəllim, avtovağzalda sərnişinlərin mənzil başına rahat çatdırılması üçün hansı marşrutlar xidmət göstərir?

– Avtovağzaldan rayonun Yaycı, Dizə, Xanəgah, Kırna, Bənəniyar, Ləkətağ, Ordubad rayonunun kəndlərinə, Naxçvan və Bakı şəhərlərinə qrafik üzrə avtobuslar hərəkət edir. Naxçıvan marşrutunda 11, Yaycı marşrutunda 5, Dizə marşrutunda isə 1 mikroavtobus sərnişinlərə xidmət göstərir. Əlincə çayı boyunca yerləşən kəndlərə isə 6 mikroavtobus günün müxtəlif saatlarında yola düşür.

– Sərnişinlərin mənzil başına vaxtında çatması üçün hansı tədbirləri görmüsünüz?

– Bugünkü gündə rayonumuzdan xeyli vətəndaş muxtar respublikamızın mərkəzi Naxçıvan şəhərində işləyir, o cümlədən, onlarla tələbə Naxçıvan şəhərindəki ali və orta ixtisas təhsil müəssisələrində oxuyur. Culfa şəhərindən gedən sərnişin və tələbələrin vaxtında mənzil başına çatdırılması üçün avtovağzalda mikroavtobusların qrafikində müəyyən dəyişikliklər edilib. Belə ki, Culfadan Naxçıvan şəhərinə birinci avtobus 0630-da, sonuncu avtobus 1630-da yola düşür. Yaycı kəndinə isə 0830-dan avtobuslar işləyir. Gün ərzində 6 mikroavtobus hər yarımsaatdan bir Yaycı marşrutu üzrə hərəkət edir və sonuncu avtobus 1800-da  gedir.

– Yasin müəllim, rayon sakinlərinin Bakı şəhərinə avtobusla getməsi üçün lazımi şərait yaradılıbmı?

– Culfa avtovağzalından Ordubad və Culfa rayonu əhalisinin Bakıya gedişi üçün avtovağzalda fəaliyyət göstərən kassadan sərnişinlərə biletlərin satışı təşkil olunur. Culfa avtovağzalından Bakıya hər gün avtobus yola düşür. Culfa-Bakı marşrutu ilə avtobusun hərəkət qrafiki səhər saat 900-dur.

– Rayon əhalisinin taksilərdən istifadə etməsi üçün hansı tədbirləri yerinə yetirmisiniz?

– 60 ədəd taksi idarəmizdə qeydiyyatda durur. Rayon əhalisinə, o cümlədən,  xaricdən gələn sərnişinlərə xidmət işinin günün tələbləri səviyyəsində olması üçün bütün imkanlardan istifadə edirik. Belə ki, avtovağzalda hər gün növbətçi taksi olur. Onların bir nəfəri isə qadındır. Taksi sürücüləri öz işlərinə məsuliyyətlə yanaşır və sərnişinlərə nümunəvi xidmət göstərirlər.

– Taksi və avtobusların texniki baxışdan keçirilməsinə nəzarət hansı səviyyədədir?

– Avtovağzalda taksi və avtobuslar vaxtlı-vaxtında texniki baxışdan keçirilir. Taksi və avtobusların texniki baxışdan keçirilməsi ildə iki dəfə aparılır. Qış mövsümü ilə əlaqədar olaraq muxtar respublika avtomobil müfəttişliyi tərəfindən avtobus və taksilərin təkərlərinin sazlığı, avtomobillərin istilik sisteminin işlək vəziyyətdə olması və s. yoxlanılır. Marşrut xətlərində işləyən avtobus və mikroavtobusların sərnişinləri mənzil başına rahat çatdırması üçün avtomobillərin sazlığı əsas şərtlərdən biridir.

– Avtovağzalın gözləmə zalında istilik sistemi varmı?

– Qış fəsli ilə əlaqədar avtovağzal binası tam şəkildə istiliklə təmin olunub. Zalla yanaşı digər otaqlarda da normal istilik olur. Burada  sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. İdarənin kollektivi əhaliyə nümunəvi xidmət göstərmək üçün bütün imkanlardan səmərəli istifadə edir.

Müsahibə üçün sağ olun! Sizə işlərinizdə uğurlar arzulayırıq!

Ədalət Cəfəroğlu

“Arazınsəsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: