Sənə neçə izlər düşər…

323

Göz yaşı kimi dumduru suyu olan bu təbiət mənzərəsi yüz illərdən bəridir ki, buraya gələnləri öz füsunkar sehrinə salır.  Qoca Şərqin qapısı, igidlər məskəni, gözəlliklər diyarı, Nuh yurdu Naxçıvan! Əcəmilər, Kəngərlilər yetirən Ana Torpaq! Səndə tarixlərin çox nişanı var. Min illər boyu yaşayan  dövlətçilik ənənələrinə maliksən. Ulu keçmişinlə fəxr edirsən. Zəngin mədəniyyətin, yeraltı və yerüstü sərvətlərin səni dünyada tanıdıb. Zaman-zaman bu torpaqda çoxlarının gözü olub. Lakin bu məkrli niyyətlilər öz istəklərinə çata bilməyiblər. Onların arzusunu gözündə qoyan isə bu yurd yerinin insanlarının torpağa bağlılıq hissləri olub. Çünki, Vətən, yurd sevgisi ən ali hisslərdir. Məhz bu amil Naxçıvanımızı təkcə Yaxın Şərqdə deyil, eləcə də dünyanın bir sıra ölkələrində tanıdıb, ona şöhrət qazandırıb.

Bu qədim diyarın canlı təbiət abidələri ilə zəngin olan  o qədər guşələri var ki, saymaqla qurtaran deyil. Çeşmələri, kəhrizləri min illərdir çağlayır. Burada adla çağırılan, dillər əzbəri olan bulaqlar var. Belə bulaqlardan biri də, Əcəmi Seyrangahı kompleksində yerləşən Qızlar bulağıdır. Bulağın suyu qayaların arasından süzülüb gəlir. Göz yaşı kimi dumduru suyu olan bu təbiət mənzərəsi yüz illərdən bəridir ki, buraya gələnləri öz füsunkar sehrinə salır. Yaşıl mamırlı qayalardan süzülüb gələn əsrarəngiz təbiət mənzərəsi həzin bir musiqi nəğməsi kimi sanki insanı vəcdə gətirir. Bu zümzümə ilə axan suları görəndə düşünürsən ki, Tanrı təbiətdə  bütün gözəllikləri məhz bizim-insan  üçün yaradıb. Bəli, bu əsrarəngiz təbiət abidəsi ilin bütün fəsillərində, xüsusən də yay aylarında daha gözəl görünür. Kökü torpağın dərin qatlarına yerimiş salxım söyüdlər Qızlar bulağının görünüşünü daha cazibədar edir.

İlin hər vədəsində olduğu kimi qış aylarında da bulaq sanki buz heykələ oxşayır. Sırsıra bağlamış buz salxımları arasından görünən yaşıl donu ilə elə bil  qışa meydan oxuyur. Qızlar bulağı həm də, sevənlərin vüsal yeri, sevgi və sədaqətin and yeridir. Gənclər burada əhd-peyman bağlayır, həyatları boyu bu anda sadiq qalacaqlarına söz verirlər. Bu yerdə məhəbbətə şahidlik edən Qızlar bulağında görkəmli şairimiz Məmməd Arazın misraları yada düşür:

  Qədəm gülər, gülüş gələr,

  dodaqlardan nur incilər,

  Zirvələrdə gül qönçələr

  dolur Qızlar bulağına.

  Qara gözə gözlər düşər,

  Bulaq başı, bulaq daşı,

  sənə neçə izlər düşər?

 

   Nuray ƏSGƏROVA

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: