Sədərəyin qədim tarixinin güzgüsü

144

Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şərur rayonunun Sədərək kənd 1 nömrəli tam orta məktəbin nəzdində 1978-ci il fevral ayının 23-də ictimai əsaslarla Ölkəşünaslıq Muzeyi kimi yaradılıb. 2000-ci il iyunun 26-dan isə mədəniyyət müəssisəsi Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərməyə başlayıb, Heydərabad qəsəbəsində 2010-cu ildə bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.

Muzeyin bölmələrini gəzdikcə, tarixin toz basmış səhifələrini vərəqlədikcə mərdlik dastanı, məğlubedilməzlik, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə əsrlərboyu tarixdə iz qoyan Oğuz türkünün şanlı tarixini görürük. Burada olarkən öyrənirik ki, muzey 16 bölmə və 2 guşədən ibarətdir. Bu mədəniyyət müəssisəsində hazırda 2 min 373 eksponat var. Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir.
Bölgənin qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, numizmatik materiallar, heykəltaraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri – xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.

Bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsra­rəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə “Sədərək” sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. “Kitabi-Dədə Qorqud”da adıçəkilən Sədərəyin Uşun oğlu Səgrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə Sədərəyin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir.
Qədim Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələrindən biri də xalçaçılıqdır. Bu xalçalar rənga­rəngliyi, ilmələrinin sıxlığı, üzərində naxış və təsvirlərinin orijinallığı ilə seçilir. Muzeydə nümayiş olunan yun əyirmək, xalça toxumaq üçün lazım olan əşyalar da Sədərəkdə bu sənət növünün qədim tarixindən danışır.
“Sədərək qeyrət qalasıdır” bölməsi isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan rayonun ağır həyatı, mərdliklə müdafiə olunması haqqında canlı eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Muzey ziyarətçiləri bu torpaq uğrunda canını fəda edən 109 şəhidimizin, o cümlədən 52 sədərəkli şəhid haqqında muzeydə dolğun məlumat alırlar.
Sədərək rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də diqqəti cəlb edir. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend asılıb.
Onu da qeyd edək ki, ötən il Sədərək kənd sakinləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, o cümlədən başqa toxuculuq məmulatları, mis və saxsı qablar, digər nümunələrdən ibarət 36 eksponat Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.

 Ramiyyə Əkbərova

“Şərqqapısı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: