Şərur rayonunun Yuxarı Daşarx kəndində YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

176

NUHÇIXAN xəbər verir ki, tədbirdə YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “Azərbaycanın təkcə bu günü deyil, həm də gələcək siyasi taleyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır” mövzusunda məruzə edib.

“Respublikamızda ötən əsrin 80-ci illərinin sonlarından başlayan və 90-cı illərin əvvəllərində daha da gərginləşən ictimai-siyasi vəziyyət Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Bu gücün istinad nöqtəsi isə yalnız ümummilli lider Heydər Əliyev ola bilərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri də görkəmli dövlət xadiminin rəhbərliyi ilə siyasi partiya yaradılması təklifi idi. Bu məqsədlə bir qrup ziyalı 1992-ci il oktyabrın 16-da Naxçıvanda yaşayan və işləyən, lakin ürəyi daim Azərbaycanla birgə döyünən Ulu Öndərə müraciət ünvanladı”, – deyən Əmir Babayev vurğulayıb ki, ziyalılar həmin müraciətdə ölkəni mövcud siyasi böhrandan xilas etmək üçün ulu öndər Heydər Əliyevdən yeni bir partiya yaradılmasına razılıq verməsini və ona başçılıq etməyi xahiş edirdilər.

YAP rayon təşkilatının sədri vurğulayıb ki, həmin dövrdə partiyanın yaradılması obyektiv zərurətdən irəli gəlirdi. Dahi şəxsiyyətin YAP-ı yaratması və ona rəhbərlik etməyə razılıq verməsi xalqımızın gələcəyə inam hissini yenidən gücləndirdi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də – müasir siyasi tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bu böyük şəxsiyyətin ətrafında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Qeyd olunub ki, YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya İlham Əliyev rəhbərlik edir. Həmin ildən etibarən əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli inkişaf strategiyası uğurla reallaşdırılır.

Tədbirdə konkret faktlarla diqqətə çatdırılıb ki, Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatlar Naxçıvan Muxtar Respublikasında da dinamik inkişafa səbəb olub. Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun rəhbərliyi ilə 1995-ci ildən başlanan böyük quruculuq işləri xalqa, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Ümumiyyətlə, YAP-ın yarandığı dövrdən ötən müddətdə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrinə nəzər saldıqda görürük ki, YAP təkcə bu günün deyil, həm də gələcəyin partiyasıdır.

Rayon təşkilatı sədrinin müavini İbrahim Hənifəzadə, Yuxarı Daşarx kənd tam orta məktəbinin direktoru Elvin Cabbarov, partiya fəalı Şirzad Əkbərov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, istiqlalımızın dönməzliyinin təmin olunması, ölkədə həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz YAP-ın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adı ilə bağlıdır. Həyata keçirilən siyasət iqtidar partiyası kimi onun nüfuzunu gündən-günə daha da artırır.

Sonda partiya sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiya fəallarına hədiyyələr təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: