Şəhid polislər və ya sosial şəbəkə bataqlığı

559

Sabitlik müasir dünya düzənində ən vacib amildir. Çünki sabitlik olmayan ölkədə nə iqtisadi tərəqqi, nə sosial həyat,  nə də təhlükəsizlik məsələlərini təşkil etmək olar.

Azərbaycanın da müstəqillik illərində qazandığı ən böyük uğurlardan biri də ölkəmizdəki sabitlikdir. Zaman-zaman bu sabitlik və əmin-amanlığı pozmağa çalışan zərərli ünsürlərin də qarşısı ölkəmizin xoş gələcəyi və xalqımızın işıqlı sabahı naminə qətiyyətlə alınıb. Necə ki, biz dünən bu qətiyyəti Gəncədə törədilən iğtişaşlarda bir daha gördük. Xalqımız  asayişin pozulmaması üçün vətəndaşa çağırış edən 2 yüksək rütbəli polis zabitin-Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun  radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində  qətlə yetirilməsini ictimai sabitliyə vurulan xain zərbə kimi dəyərləndirdi, hadisələr qısa vaxtda tam nəzarətə götürüldü və asayiş bərpa edildi.

Şübhə  yoxdur ki, bu cinayəti törədənlər birmənalı şəkildə öz layiqli cəzalarını alacaqlar.

Bu gün bütün dünya etiraf edir ki, Azərbaycan dövlətinin özünü və xalqımızı qorumağa kifayət qədər gücü və iqtisadi-siyasi potensialı vardır. Və bu da əsas verir deyək ki, ölkəmizin sabitliyini, ictimai asayişini heç bir vəchlə pozmaq mümkün deyil.

Xatırlayırıq ki, ötən əsrin 90-cı illərində ölkəmizdə mövcud olan qeyri-sabitlik vətəndaş müharibəsi həddinə çatmışdı, torpaqlarımız mərhələ-mərhələ işğal edilirdi, başıpozuq silahlı dəstələr əhalini təzyiq və təhdid altında saxlayırdı.  Həmin vaxt mürəkkəb geosiyasi və həssas coğrafi ərazidə yerləşən Naxçıvan da çətin günlər yaşayırdı. Lakin vətəndaş həmrəyliyi, dövlət-xalq-ordu birliyi, ən çətin məqamda dövlətçilik, vətən üçün birləşməyi bacarmaq tərbiyəsi və amalı ölkəmizi məhvdən, xalqımızı vətəndaş müharibəsindən xilas etdi. Ümummilli liderimiz Heydər Əliyev sabitlik və inkişafın əsaslarını Naxçıvanda yaradaraq sonrakı mərhələdə bunu ümumi Azərbaycan miqyasında davam etdirdi. “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın”,-deyən ulu öndər Heydər Əliyev məhz bu sözlərlə hər kəsi vahid bir məsləkdə-Azərbaycançılıqda birləşməyə səslədi.

Məsələnin məğzinə nəzər salsaq görərik ki, gəncədəki ixtişaşa cəhdin arxasında bir  amil diqqəti çəkir. Sosial şəbəkələr. Son illər Yaxın Şərqdə müxtəlif boyalı (rəngli) inqilabların arxasında da bir zaman elə rənglərini dəyişməklə ölkələri dağıdan maraqlı  qüvvələrin dayandığı hamıya yaxşı məlumdur.  Amma Azərbaycan xalqı o qədər də zəif deyil ki, hansısa kimliyi, şəxsiyyəti dəqiq bilinməyən, müxtəlif adlar altında gizlənən satqınların təhriki ilə öz sabit həyatını, uzun illərin çətinliyindən sonra əldə etdiyi asayişini düşük, səviyyəsiz çağırışlara qurban versin. Əksinə, bu gün xalqımızın hər bir nümayəndəsi, fərdi şəxsi təşəbbüs göstərməklə sosial şəbəkələrdə dövlətçiliyimiz, ictimai sabitliyimiz əleyhinə edilən çağırışlar, təhdidlərin qarşısını mütəşəkkilliklə, ictimai qınaqla almalıdırlar. Sosial şəbəkələr əslində nəzarətsiz qalan bataqlıq kimidir. Burda təcrübəli adamlar asanlıqla özünə yol tapıb çıxır. Təcrübəsiz, gənc və tez təsirə düşənləri isə öz girdabına çəkməklə qurbanına çevirir. Bu gün Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə atılan bir sıra nümunəvi addımlar məncə ölkə səviyyəsində də tətbiq olunmalıdır. Belə ki, muxtar respublikanın sosial şəbəkələrdə fəal olan gəncləri ilə bağlı  ardıcıl olaraq müxtəlif maraqlı tədbirlər həyata keçirilir. Onların sosial şəbəkələrdə dövlətçiliyimiz, tariximiz, turizm potensialı ilə bağlı  gördüyü yaxşı, təqdirəlayiq işləri nümunə olaraq göstərilir, zəhmətləri qiymətləndirilir. Məqsəd gəncləri qorumaq, onları ölkəmizə qarşı məqsədli şəkildə  yönələn hər hansı təhlükədən uzaq tutmaq və bu gəncləri dövlətçiliyimizin ətrafında birləşən vahid, monolit qüvvəyə çevirməkdir. Əgər bu istiqamətdə aparılan işlərin coğrafiyası bütün ölkəni əhatə edərsə onda öz vəzifə borcunu yerinə yetirən və vətəndaşı asayişi bərpa etməyə çağıran polislər də gənclər tərəfindən qətlə yetirilməz.

Yəqin ki, Daxili İşlər Nazirliyinin Respublika ərazisində sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxsin saxlaması ilə bağlı yayılan xəbərlə hamı tanış olub. 20-dək gənc sosial şəbəkədə müxtəlif məzmunlu paylaşmalar etməklə, insanları qanunsuz aksiyalara təhrik etməklə hakimiyyətə qarşı itaətsizliyə çağırıblar. Üzücü vəziyyətdir deyilmi? Sosial şəbəkənin mahiyyətini və məqsədini düzgün qiymətləndirməyən gənclərin nəzarətdən kənar qalması və burada özlərini “yalançı qəhrəman” hesab etmələri sonradan onların faciəsinə çevrilir. Dövlət qulluqçusuna, polis əməkdaşına sui-qəsd edən, hansısa xarici qüvvənin çirkin niyyətinin aləti olan bir cinayətkarı, terrorçunu müdafiə etmək, qanunsuz ixtişaş törətməyə bu cür çağırışlar inkişaf edən Azərbaycanın bugünkü reallıqları ilə heç cür uzlaşmır. Qanunsuz əməllərinə görə saxlanılan bu gənclər ehtiyatda olan və ya gələcəkdə ordu sıralarında xidmət edəcək Azərbaycan əsgərlərdir. Onların məqsədi yalnız bir olmalıdır – torpaqlarımızı zəbt edən erməni adlı işğalçı düşmənə qarşı istər ordu sıralarında, istərsə də informasiya cəbhəsində döyüşmək.

Bu gün Azərbaycanın uğurları dünya səviyyəsində qısqanclıqla qarşılanır. Çünki müharibə şəraitində olan və bu cür sürətlə inkişaf edən ikinci bir dövlət yoxdur. Coğrafi cəhətdən həssas  ərazidə-Qafqazda yerləşməsi, yeraltı və yerüstü zəngin sərvətlərə sahib olması, stabil vətəndaş cəmiyyəti düşmənlərimizi narahat edir. Çox da uzaq olmayan Yaxın Şərqin İraqı, Suriyası, Afrikanın Liviyası, Asiyanın Yəməni, Misiri və nə qədər bu kimi ölkələri bizə nümunə olmayacaqmı?  Bir zaman bu ölkələrin də insanları sosial şəbəkələrdəki naməlum insanların çağrışı ilə  şirnikləndirici rəngli inqilablar etdilər. Nəticədə isə qazandıqları dağılmış ölkə iqtisadiyyatı, dilənçi kökünə düşən vətəndaş və küçələrdə əlində silahla gəzən əcnəbi ölkələrin əsgərləri oldu. Milyonlarla qaçqın düşən vətəndaşı ya dənizlərdə boğuldu, ya da  bu gün Avropanın qapılarında ən aşağı səviyyəli şəraitdə müvəqqəti qurulan çadır şəhərlərində antisanitariya şəraitində yaşayır. Yəqin ki, başa düşən  hər bir insan üçün qonşudan görüb nəticə çıxarmaq daha məntiqli olar.

Amma yenə də, Azərbaycan dövlətinin prinsipləri xalqın istəyi və seçimi ilə qurulub. Xalq seçdiyi dövlətin qədrini bilir və onu qoruyur. Bu xalqın qurduğu hakimiyyət daha güclü və möhkəm təməllər üzərində dayanır. Kim olursa olsun, bu gün dövlətin məmuruna, vəzifəli şəxsinə əl qaldıran, ona sui-qəsd hazırlayan,  onu vəzifə başında qətlə yetirənlərin arxasında dayanan qüvvələr bilməlidir ki, Azərbaycan artıq 1990-cı illərin xaosundan qurtulan, iqtisadi gücə, qüdrətli orduya  malik olan bir ölkədir. Bu ölkənin siyası sabitliyinə, dövlətçiliyinə, ərazi bütövlüyü və vətəndaşına uzanan əllər həmişəki kimi qətiyyətlə kəsiləcək.

Səməd Canbaxşiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: