Rusiyalı ekspert: İqtisadiyyat Azərbaycan-Rusiya münasibətlərində mühüm aspekt olacaq

159

Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması zamanı prezidentlərimiz arasında Aktaudakı görüşdən cəmi üç həftə sonra həyata keçirilən bu səfər kifayət qədər maraqlıdır. Soçi səfərinin gündəliyi də beştərəfli formatda keçirilən görüşlərdən daha genişdir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqların yekunlarını şərh edən tanınmış rusiyalı ekspert, Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin analitik qrupunun rəhbəri Stanislav Pritçin AZƏRTAC-a müsahibəsində səsləndirib.

S.Pritçin deyib: “Əlbəttə, danışıqlar ilk növbədə iqtisadi sahəni əhatə edirdi. Əlamətdar haldır ki, iqtisadi əməkdaşlığa dair sənədlər üçün konkret vaxt – 2024-cü il müəyyən edilib. Bu da o deməkdir ki, tərəflər birgə layihələr, maneələrin aradan qaldırılması və sərmayə proqramlarının həyata keçirilməsi yolu ilə iqtisadi əməkdaşlığın necə canlandırılacağı barədə dəqiq təsəvvürə malikdirlər. “QAZ” markalı avtomobillərin yığılması üzrə istehsalın yaradılması, həmçinin Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan birinin birgə işlənməsi irəliyə doğru daha bir addımdır. Yəni, iqtisadiyyat bizim əməkdaşlığın çox müsbət aspektidir və bu kontekstdə gündəlikdə duran məsələlərin dərinliyi və genişliyi postsovet məkanında Azərbaycanı Rusiyanın tərəfdaşları arasında aparıcı mövqelərdən birinə yüksəldir. Həm də nəzərə alaq ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil”.

Rusiyalı ekspertin sözlərinə görə, qarşılıqlı ticarət, “Şimal-Cənub” nəqliyyat dəhlizi və digər birgə layihələr üzrə nəzərdə tutulan parametrlər ən yaxın zamanda Rusiyanın Azərbaycandakı yeni səfirinin də iştirakı ilə həyata keçiriləcək. “İqtisadiyyat ikitərəfli münasibətlərin çox mühüm aspekti, dövlətlərimiz arasında mehriban qonşuluq və strateji əməkdaşlığın rəhni olacaq”, -deyə S.Pritçin fikirlərini yekunlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: