Rusiyada bağ sahələrindəki kiçik tikililər, o cümlədən hamam və qarajlar üçün vergiləri aerofotoçəkilişlər vasitəsilə və həmin obyektlərin Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrində (DƏVDR) qeydiyyatdan keçməklə avtomatik qaydada hesablamaq mümkün olacaq.
NUHÇIXAN “İzvestiya” qəzetinə istinadla xəbər verir, əmlakın növünün müəyyənləşdirilməsi zamanı vergi xidməti Rusiyanın Dövlət Reyestrinin məlumatlarına əsaslanacaq və torpağın tipindən asılı olmayaraq DƏVDR tərəfindən nömrə almış istənilən iri tikili vergitutma obyektinə çevriləcək.
Bu ildən Rusiyada start veriləcək daşınmaz əmlakın qeydiyyata alınması kampaniyası 40 min obyekti əhatə edəcək. Kampaniya zamanı obyektlərin qeydiyyata alınması üçün regionların administrasiyaları peykdən çəkilmiş fotolardan və ya pilotsuz uçan cihazların məlumatlarından istifadə edə biləcəklər.
Onu da qeyd etmək yerinə düşər ki, Rusiya qanunvericiliyinə əsasən, yalnız evlər deyil, həyətdə olan tikililərin hamısı – hamamlar, təsərrüfat anbarları, hətta hasarlar qeydiyyata alınmalıdır və bunlar üçün vergi ödənilməlidir. Bağ evi olan vətəndaşların əksəriyyəti bu qanunun tələblərinə laqeydlik göstərdiyinə görə Moskvaətrafı vilayətin rəhbərliyi qeydiyyata alınmamış obyektlər üçün cərimələrin məbləğini üçqat artırıb.