Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün sonuncu – dördüncü oyununda “D” qrupunda yer alan Xorvatiya və Nigeriya milliləri qarşılaşırlar.
NUHÇIXAN xəbər verir ki, “Kalininqrad Arena”da oynanılan görüşü braziliyalı referi Sandro Ricci idarə edir. Saat 23:00-da start götürən oyun İdman Azərbaycan kanalında canlı yayımlanır.
Xorvatiya millisinin start heyətində Daniel Subaşiç, Şime Vrsalko, İvan Striniç, İvan Perişiç, Deyan Lovren, İvan Rakitiç, Andrey Kramariç, Luka Modriç, Mario Mancukiç, Ante Rebiç və Domaqay Vida yer alıblar.
Nigeriya yığmasının heyətində isə meydançaya Frensis Uzoxo, Brayan İdovu, Onine Ndidi, Uilyam Ekonq, Leon Baloqun, Oqenekaro Etebo, Odion İqalo, Con Obi Mikel, Viktor Mozes, Andullahi Şehu və Aleks İvobi çıxıblar.
Xorvatiya və Nigeriya milli komandaları dünya futbol tarixində ilk dəfədir üz-üzə gəlirlər.
Xatırladaq ki, “C” qrupu çərçivəsində bu gün iki oyun keçirilib. Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Danimarka komandası isə Peru millisinə qalib gəlib – 1:0.
“D” qrupu çərçivəsində keçirilən Argentina-İslandiya qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.