“Rusiya 2018”: Danimarka-Avstraliya matçında səkkizdəbir final mərhələsinin üçüncü iştirakçısı bəlli ola bilər
İyunun 21-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VIII gününün ilk görüşündə “C” qrupunda yer alan Danimarka və Avstraliya milliləri qarşılaşırlar.
NUHÇIXAN xəbər verir ki, “Samara Arena”da keçirilən oyunda danimarkalıların start heyətində meydana Kasper Şmexel, Simon Kyer, Andreas Kristinssen, Xenrik Dalsqor, Yens Strüqer Larsen, Lasse Şene, Kristian Eriksen, Tomas Delayni, Nikolay Yorqensen, Pione Sisto, Yusuf Poulsen çıxıblar. Danimarka milli komandanın çalışdırıcısı Xareyde Oqedi.
Avstraliya millisinin start heyətində isə Meti Rayen, Trent Seysberi, Mark Miliqan, Djoşua Riston, Əziz Bexiç, Mile Yedinak, Aron Muy, Tommi Roqiç, Robbi Kruz, Metyu Leki və Endrü Nabut yer alıblar. Komandanın baş məşqçisi Bert Van Marveykdi.
Oyunu ispaniyalı Antoniyo Mateu idarə edir.
Bu komandalar dünya futbol tarixində ilk dəfə üz-üzə gəlirlər.
Görüşün favoriti Danimarka millisi sayılır. Avstraliya yığması birinci turda Fransa millisinə qarşı məğlubiyyətdən sonra (2:1) ilk üç xalını qazanmaq niyyətindədir. Danimarka millisi bu qarşılaşmada qələbə qazanarsa mundialın səkkizdəbir final mərhələsinə vəsiqə qazanmış olacaq. Çünki ilk turda danimarkalılar Peru millisini 1:0 hesabı ilə məğlub ediblər. Zədə səbəbindən Danimarka komandasının əsas yarımmüdafiəçisi Vilyam Kvist oyunu buraxmalı olacaq.
Qeyd edək ki, Avstraliya yığması bundan əvvəl dörd dəfə – 1974-cü, 2006-cı, 2010-cu və 2014-cü illərdə mundialda çıxış etmək hüququ qazanıb. Altıncı qitə təmsilçisinin ən yaxşı göstəricisi 2006-cı ildə Almaniyadakı dünya çempionatına təsadüf edib. Avstraliyalılar həmin vaxt qrup ikincisi kimi səkkizdəbir finala yüksəlsələr də, İtaliya millisi onların yolunu kəsib (0:1).
Danimarka millisi üçün Rusiyada keçirilən dünya çempionatı beşinci mundialdır. Komandanın dünya çempionatlarında ən yüksək göstəricisi “Fransa 1998” mundialında dörddəbir final mərhələsinə yüksəlməsi olub.
Bu qrupun digər oyunu “C” qrupunun favoriti sayılan Fransa yığması ilə Peru millisi arasında “Yekaterinburq Arena”da keçiriləcək. Həmin matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bu matç İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.
Səkkizinci günün sonuncu oyunu saat 22:00-da başlayacaq. Mundialın ən maraqlı qarşılaşmalarından biri olan Argentina-Xorvatiya matçı İdman Azərbaycan kanalında yayımlanacaq.