“Rusiya 2018”: Braziliya millisi vacib üç xalı əlavə vaxtda vurduğu iki qolla qazanıb

217

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının IX gününün ilk görüşündə “E” qrupunda yer alan Braziliya və Kosta-Rika milliləri qarşılaşıblar.

NUHÇIXAN xəbər verir ki, Sankt-Peterburq şəhərində oynanılan görüşdə braziliyalılar matçın taleyini əsas vaxta artırılan hissədə həll ediblər.

Qarşılaşmada böyük üstünlük nümayiş etdirən beşqat dünya çempionları matç ərzində kosta-rikalıların qapısına 23 zərbə endiriblər. Bu zərbələrdən 9-u dəqiq olub. Braziliyalıların bütün cəhdlərinə baxmayaraq, hesab oyunun əsas vaxtına əlavə edilmiş hissədə açılıb. Əlavə vaxtın ilk dəqiqəsində (90+1) cərimə meydançasına ötürülən topu ram edən Qabriel Jesus komanda yoldaşı Filippe Koutinyoya ideal ötürmə edib. Yarımmüdafiəçi yaxın məsafədən qapıya dəqiq zərbə endirərək hesabı açıb – 1:0.

Braziliyalılar artırılan əlavə vaxt ərzində topu özlərində saxlayaraq, nəinki rəqibə şans verməyib, hətta hesabı artırıblar. Oyunun 90+7-ci dəqiqəsində Duqlas Kostanın ötürməsindən sonra Neymar topu saxlamadan boş qapıya göndərib – 2:0.

Beləliklə, beşqat dünya çempionları Kosta-Rika ilə çətin qarşılaşmanı 2:0 hesabı ilə üstün başa vuraraq, səkkizdəbir finala yüksəlmək üçün vacib üç xalı aktivlərinə yazdırıblar. Kosta-Rika yığması isə ardıcıl ikinci məğlubiyyətdən sonra səkkizdəbir finala çıxma şansını itirib.

Xatırladaq ki, ilk turda İsveçrə (1:1) ilə heç-heçə edən Braziliya millisi Kosta-Rikanı məğlub edərək xallarının sayını 4-ə çatdırıb. “E” qrupunun digər oyununda aktivində bir xal olan İsveçrə ilk turda Kosta-Rikanı minimal hesabla məğlub edən Serbiya yığması ilə qarşılaşacaq. Bu görüş saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Bu oyun komandalar arasında üçüncü matç olub. Braziliya yığması Kosta-Rikanı 1990-cı ildə 1:0, 2002-ci ildə isə 5:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.

Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-cü ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).

Xatırladaq ki, günün ikinci oyunu saat 19:00-da “Volqoqrad Arena”da start götürəcək. “D” qrupunun digər oyununda Nigeriya və İslandiya yığmaları qarşılaşacaqlar.

Nigeriya-İslandiya qarşılaşması İdman Azərbaycan və İctimai Televiziya, Serbiya-İsveçrə matçı isə İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: