Rinqin boş qalan küncü… - FOTOLAR

3. 342

Artıq üç gündür ki o aramızda yoxdur. Bu yoxluqla heç barışmaq da istəmirsən. Amma nə edəsən.. Bu dəfə boks rinqindəki nokaut zərbəsini ona hansısa rəqibi deyil, onu tale qəfildən, xaincəsinə, vaxtından qabaq vurdu… 

Bir həmkarımın dediyi kimi onun haqqında “yox”la deyil,  “çox”la başlayan bir neçə ifadə işlətmək olar:

-“çox titullu”, “çox təcrübəli”, “çox peşəkar” və ən əsası “çox sadə” və çox gözəl insan”…

Bütün sadalanan xoş sözlərin fonunda isə mən onu təbiətcə sakit, təmkinli və səbirli biri kimi xatırlayıram.  60 illik ömrünün 45-dən çoxunu sevdiyi məşğuliyyətə – boksa sərf edən Məmmədəli Eyvazov  rinqdə olduğu kimi həyatdan da zərbələr almasına baxmayaraq həyata pozitiv yanaşırdı. Bu minvalla xarakteri onu mühitdə də, mübarizə meydanında da uğura alışdırmışdı. Ən çox yaşamaq və qürur duymaq istədiyi an yetirmələrinin dünya və olimpiya çempionu olmasına şahidlik etmək idi. Ömür imkan verməsə də, arzular əbədiyyətini qoruyur. Əbədiyyətə qovuşan da o… buraxdığı izlər, xatirələr örnəkverici bir portretə çevrilib. Ölkə idmanına, Naxçıvan idmanına bəxş etdiyi fayda, çəkdiyi əziyyət şübhəsiz ki, onun dəyərini olduğu kimi qoruyacaq.

  Məmmədəli Eyvazov idmançı kimi Azərbaycan çempionu, ölkədaxili və beynəlxalq yarışlarının mükafatçısı olub. Əsas uğurları isə məşqçilik karyerası ilə bağlıdır. 2002-ci ildən – Naxçıvan Muxtar Respublika Boks Federasiyasının fəaliyyətə başlaması ilə peşəkar məşqçi kimi iş fəaliyyətinə başlayıb. Naxçıvan yığma komandasının baş məşqçisi kimi 10 il ərzində Azərbaycan boksuna ard-arda ölkə çempionları bəxş edən Məmmədəli Eyvazov  o zamanlar boks aləmində özünə böyük hörmət və nüfuz qazandırıb. Yetirmələrindən Tayfur və Sərxan Əliyev qardaşları hazırda yığma komandada yer alıblar. Əliyev qardaşlarının uğurlarında böyük pay sahibi olan məşqçi yetirmələri ilə Avropa çempionluğu, ölkə və beynəlxalq yarışlar, mötəbər turnirlərindəki qələbə sevinclərini birgə yaşayıb.   Məşqçi kimi əldə etdiyi bu uğurlara görə ölkə prezidenti cənab İlham Əliyev onu “Tərəqqi” medalı ilə mükafatlandırıb. Birinci Avropa Oyunlarından sonra Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif olunub. O, eyni zamanda Azərbaycan Respublikasının əməkdar məşqçisi adına da layiq görülüb.     

Könül istər ki, idmana və idmançılara qayğı ilə yanaşılan bir mühitdə gələcəkdə onun adına  xatirə turnirləri keçirilsin. Rinqin boş qalan küncünü yeni məşqçilər doldursa da yetirmələrinin zehnində Məmmədəli müəllimin döyüş texnikası qalacaq. Qəlbən yaşananlarsa onun ruhunu da şad etmiş olar!

Allah rəhmət eləsin!…   

                                                       Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: