Ölkədə verilmiş kreditlər üzrə ən aşağı göstərici Naxçıvan Muxtar Respublikasındadır-bunu NUHÇIXAN-a Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin Kredit təşkilatlarına nəzarət qrupunun rəhbəri Tamerlan Məmmədov bildirib. Tamerlan Məmmədov onu da qeyd edib ki, cari ilin ötən 8 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 9% təşkil edib. Bu göstərici Bakı şəhəri də daxil olmaqla, ölkənin digər regionlarında tətbiq olunan ən aşağı faiz dərəcəsidir. Digər regionlarda isə orta faiz dərəcələri Aran iqtisadi rayonunda 22,8%, Dağlıq Şirvan iqtisadi rayonunda 21,6%, Şəki-Zaqatala iqtisadi rayonunda 22,1%, Lənkəran iqtisadi rayonunda 22,2%, Quba-Xaçmaz iqtisadi rayonunda 20,9%, Gəncə-Qazax iqtisadi rayonunda 19,3%, Yuxarı Qarabağ iqtisadi rayonunda 24,8%, Abşeron iqtisadi rayonunda 16% və Bakı şəhərində 10,3%-dir.
Beləliklə, Mərkəzi Bankın verdiyi məlumatlar əsasında ölkə üzrə kredit bazarının təhlilinə nəzər yetirdiyimiz zaman 2018-ci ilin avqust ayının 1-nə kreditlər üzrə tətbiq edilən orta faiz dərəcəsinin 11.9 % olduğunu görərik. Muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətində aparılan uğurlu kredit siyasətinin nəticəsi olaraq yuxarıda verilən müqayisədən də göründüyü kimi, bank sektoru tərəfindən kreditlər əhalinin rifah halı gözlənilməklə Naxçıvanda ən aşağı faiz dərəcələri ilə təklif edilib və nəticə etibarilə əldə olunan rəqəmlər ölkənin digər regionlarını geridə qoyub.
Onu da qeyd edək ki, 2018-ci il avqust ayının 1-nə qədər muxtar respublikanın iqtisadiyyatının inkişafına yönəldilən ümumikredit qoyuluşu 105 milyon 685 min 600 manatdır. Təkcə 2018-ci ilin 8 ayı ərzində muxtar respublika sakinlərinə verilmiş kreditlərin həcmi isə 30 milyon 760 min 400 manat təşkil edir.
Kreditlər əhalinin maddi təminatının yaxşılaşdırılmasına dəstək olmaqla bazar şəraitində iqtisadi aktivliyin artmasına, sahibkarlığın inkişafına və məşğulluğun təmin olunmasına əhəmiyyətli təsir göstərir. Kreditlərin isə cəzbediciliyinin əsas şərti məhz, onun faiz dərəcələrinin aşağı hədlərdə olmasıdır. İstehlakçı üçün faiz göstəricisinin aşağı səviyyələrdə olması, kreditin əlçatanlığının və öz növbəsində ödənirliyinin də təminatçısıdır.