Quruculuq ünvanlarında tikinti işləri davam edir

261

Muxtar respublikada aparılan abadlıq-quruculuq tədbirlərindən rayonumuz da kənarda qalmayıb. Şahbuzun bu günü bunu deməyə əsas verir. Dağlar qoynunda qərar tutan rayonun hansı istiqamətinə üz tutsaq orada yeni quruculuq ünvanlarını görə bilərik. Təbii ki, həyata keçirilən quruculuq tədbirləri sayəsində vətəndaşların müxtəlif problemləri öz həllini tapır. Həmçinin sakinlərin gün-güzəranı yaxşılaşır, gənc nəslin yurda olan sevgisi güclənir. Bu sevgi ilə onlar doğulduqları kənddə, şəhərdə, qəsəbədə ev-eşik sahibi olmaq, yaxşı yaşamaq istəyirlər. Bunun üçün hər cür şərait yaradılıb. Ötən ildən Şahbuz şəhərində ictimai yaşayış binasının tikintisinə başlanılması xəbəri də elə ən çox gəncləri sevindirib. Çünki yeni binanın inşası rayonda gənc ailələrin mənzilə olan tələbatının ödənilməsinə şərait yaradacaq. Gənclər ipoteka kreditindən yararlanaraq yeni yaşayış binasında mənzil sahibi ola biləcəklər. Binanın zirzəmisində nəzərdə tutulmuş ərzaq mağazası, bərbər, gözəllik salonu, mülki müdafiə anbarının yerləşdirilməsi də göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə inşa olunan 5 mərtəbədən ibarət olacaq yaşayış binasının birinci mərtəbəsində hörgü işlərinə başlanılıb. Dördüncü mərtəbədə isə beton-qəlib işləri davam etdirilir.

Prospektin digər bir quruculuq ünvanı da aviakassa üçün inşa olunan binadır. Şəhərimizin hüsnünə xüsusi yaraşıq verən 2 mərtəbəli binada əsas tikinti işləri yekunlaşdırılıb. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, təhlükəsizlik və texniki otaqlar, eyni zamanda məlumat köşkü, ikinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx inşa olunub. Otaqlarda lazımi işlər görülüb, hazırda son tamamlama işlərinə başlanıb. Binanın ətrafında isə abadlıq işləri aparılır. Yaxın zamanlarda aviakassa binasında rayon sakinlərinə Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakı şəhərindən başqa ölkələrə getmək üçün də bilet satışı həyata keçiriləcək. Aviakassa binası istifadəyə veriləndən sonra insanların rahatlığı baxımından mühüm əhəmiyyət daşıyacaq, əlavə vaxt itkisinin qarşısı alınacaq. Bu da əlbəttə ki, rayonun hər bir sakinini sevindirir.

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: