Qurtuluşdan başlanan yol

316

Ulu öndərimiz Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər   Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu da onunla bağlıdır ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərlik etdiyi dövrlər xalqımızın Qurutuluş tarixidir.

Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən ümummilli lider Heydər Əliyev bununla xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu. Həmin dövrdə ulu öndərin respublikada böyük uzaqgörənliklə formalaşdırdığı potensial müstəqillik illərində davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə çevrilmişdi. Dahi şəxsiyyət uzaqgörənliklə bilirirdi ki, xalqın iqtisadi azadlığını təmin etmədən, onun tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil. Bu baxımdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli mədəni-intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirməyə nail olmuşdu.

Bu da tariximizin parlaq bir səhifəsidir ki, ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi də xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz əgər ötən əsrin 70-80-ci illərində Azərbaycanı böyük bəlalardan qurtararaq onu müstəqilliyə hazırlamışdısa, 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoymuşdur. Bu da reallıqdır ki, ulu öndərimizin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər təkcə Naxçıvanda deyil, bütün Azərbaycan üçün mühüm mərhələdir. O dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın azadlıq məfkurəsinin reallığa çevrilməsi üçün ulu öndərin rəhbərliyi altında tarixi qərarlar qəbul etmişdir. Üçrəngli bayrağımız ilk dəfə ümummilli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır.

Qədim diyarımız Naxçıvanda görkəmli dövlət xadiminin  rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. 1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı yalnız ulu öndərin ideyalarındadır. Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi.

Həmin dövrdə Xalq Cəbhəsi-Müsavat hakimiyyəti ölkəmizi dərin böhrana salmışdı. Azərbaycan xalqı varlığının, ölkənin bütövlüyünün, yenicə qazanılmış müstəqilliyin qorunub saxlanılmasını istəyirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlamışdı və 1993-cü ilin yazında bu müharibə artıq Bakıya çatmaqda idi. Belə bir vəziyyətdə iqtidarın kobud səhvləri ucbatından 1993-cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşanmış, qardaş qanı tökülmüşdü. Gəncədə baş verən hadisələrə də ilk dəfə iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi münasibət bildirmişdi.

Ölkəmiz real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. İqtisadi böhran dərinləşmiş, çörək növbələri ölkənin hər yerində adi hala çevrilmişdi. Artıq Xalq Cəbhəsi-Müsavat liderlərinin boş vədləri xalq tərəfindən qəbul edilmirdi. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi.

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, müstəqilliyimiz itiriləcək, Azərbaycan siyasi xəritədən silinəcəkdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə QAYIDIŞINDA tapdı. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.

Məhz bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Görkəmli dövlət xadiminin hakimiyyətə gəldiyi 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil oldu, Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər gördü. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu.

Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycan yenidən 1969-cu ildəki inkişaf yoluna qayıtdı, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başladı, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində heykəlləşdi, özünə əbədi yer tutdu.

Müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda bu gün ulu öndərin amal və əməllərinə böyük ehtiramla yanaşılır. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Respublikamız böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir. 1993-cü ilin Azərbaycanı ilə müasir dövr Azərbaycanını müqayisə etsək, ölkəmizin böyük inkişaf yolu keçdiyini görərik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.

Hər birimiz qürur hissi keçiririk ki, bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Azərbaycan regionda ən qüdrətli və lider dövlət olmaqla yanaşı, iqtisadi və siyasi göstəricilərinə, ictimai-siyasi sabitliyinə görə inkişaf etmiş dünya dövlətləri ilə bir sırada durur.

Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçib. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl regionuna çevrilib.

Bu tədbirlər ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənə ilə qeyd olunduğu bir dövrdə daha geniş şəkildə həyata keçirilir.  Qurtuluşdan başlanan belə sürətli inkişaf yolu doğma Naxçıvanımızı müasirliyə qovuşdurub. Bunun ifadəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin “Gənclər paytaxtı” elan edilib. Bu ilin may ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı günü-gündən cavanlaşan bu qədim yurd yerinin inkişafına yüksək dəyər verərək dedi: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir. …Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.

Müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə ulu öndərimizin 1993-cü ildə ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir”.       

Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bəhrələridir. Odur ki, qədirbilən xalqımız hər zaman Qurtuluş Gününü əziz tutur, bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuş, Milli Qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açmışdır. Bu səhifə isə bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycanın əsas inkişaf modeli olacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: