Qovurma ən qədim qış azuqələrimizdəndir

223

Payız fəsli qışa və erkən yaza hazırlıq mövsümüdür. Biz baba və nənələrdən nə görmüşüksə, onu ailəmizdə yaşatmışıq. Böyüklər ailələrimizin birliyi, bütövlüyü deməkdir. Ata ocağı, ata yurdu bizim üçün müqəddəs yer sayılıb. Ata ocağında qalanlara qibtə etmişik. Onlar bir nəslin, soyun adını yaşadıblar, evin, həyətin hənirtisini, hərarətini davam etdiriblər. Ailələrimizdə yaşanan gözəl adətlərdən biri də qışa yüksək səviyyədə hazırlaşmaqdır. Naxçıvanda qış hazırlığını qovurmasız təsəvvür etmək mümkün deyil. Qovurma hazırlanan vaxt ailənin yaxınları bir yerə yığılır, qovurmalıq üçün ayrılan ətin suyundun, pörtlədilmiş, qızardılmış ətindən bir-iki tikə yeyirlər.

Kəndlərimizdə qovurmalıq heyvan saxlayan adamlar çoxdur. Yaxşı və keyfiyyətli ətə malik olan heyvanların alıcısı hər vaxt olur. Qovurmalıq üçün üç-dörd yaşdan yuxarı heyvanlar seçilir. Daha çox qoyun, qoç, sibir seçilir. Bəzən imkanlı ailələr dana da kəsir. Təbii otlarla zəngin dağ otlaqlarındakı örüşlərdə bəslənilən bu heyvanların qovurması dadlı, bərəkətli olur.

Kəsilən heyvanın əti soyumaq üçün asılır. Müəyyən hissələrə ayrılaraq təmiz parçanın üzərində sərilir. Qovurmalıq ət xüsusi qaydada doğranılır. Elə etmək lazımdır ki, ət didilməsin. Əvvəl xırda-xırda doğranmış quyruq və piy ayrıca qızardılır. Əridikdən sonra içərisindəki cızdıqlar seçilir, altının yağı süzülür. Sonra ocağın üstünə böyük qazanlar qoyulur. İçərisinə su tökülüb qaynadılır. Əvvəlcədən duzlanmış ət qaynayan suya tökülür. Əti əvvəlcədən ona görə duzlayırlar ki, ət duzu özünə çəkir və qaynayan suya töküləndə dadını özündə saxlayır. Belə ətin suyu dadlı olur. Xalq arasında “təngov”, “işgənə”, “bozbaş”  adı ilə tanınan ət suyu doğrama şəklində yeyilir. Ailə birlikdə süfrə başına yığılır. Süzülmüş ət suyu doğranmış quru lavaşın üzərinə əlavə olunur. Dədə-baba qaydası ilə ət suyundan qonşulara da pay ayrılır. Nənələrimiz həmişə deyərlər ki qovurmanın iyi yeddi evdən hiss olunur. Qonşulara veriləcək ət suyunun içərisinə ailə üzvlərinin sayına görə tikə ətlər atılır. Qonşulara da pay tez ayrılır ki, günorta və ya axşam süfrələrində onlar da bu təamdan dadsınlar. Bu bizim ailə ənənəmizdir. “Qonşu payı dadlı olar”, “Qonşunun gözü qonşuda olar”, “Qonşu qonşu olsa, bağ çəpəri neyləyər” sözlərini böyüklərimiz əbəs yerə deməyiblər.

Süzülüb soyumuş ət bir daha xırda sümüklərdən təmizlənir. Əridilmiş yağ qazana tökülür və ət oraya əlavə olunur, yenidən duz vurulur və taxta qaşıqla qarışdırılır. Qovurmalıq ətin içərisi qızarana qədər qovrulur. Ətin yağı köpüklənib daşanda  qovurma yerə qoyulur. Qovurma soyuyandan sonra qablara yığılır. Qovurma qabları uzun ömürlü olur. Saxsı küpələr ən yaxşı qovurma qabıdır. Belə qablarda saxlanılan qovurma öz içərisindən dəyib xarlanır. Yemək vaxtı çox dadlı olur.

Cızdıq səhər yeməkləri ilə yeyilir. Cızdıqdan qayğanaq bişiriləndə də istifadə olunur.

Qovurma hazır olan kimi yeyilmir. O bir müddət qalıb özünü tutmalıdır. Piy vurulan qovurmanın yağına azca süzmə qatıq qatılır ki, donmasın. Qovurma evin illik ruzisidir. Çünki yazın ilk ayında da pencər qovrulanda qovurmadan istifadə olunur.

Evin əziz qonağı üçün isidilmiş qovurma ləziz yemək sayılır. Çölə işləməyə gedənlərin torbasına qovurma dürməyi qoyulur ki, qüvvətli yeməklər hesabına bədənləri sağlam, soyuğa davamlı olsunlar.

Milli dəyərəlrə hörmət ruhunda qurulan ailələrimizin adət-ənənələrini öyrənib yaşatmaq lazımdır. Ailə büdcəmiz halallıq üzərində qurulsa, süfrələrimizin bərəkəti, ruzisi artacaq. Keçmişimizdən öyrənərək bu birliyimizi qorumalıyıq. Birlik evdən, eldən, ocaqdan başlayır. Ocaqlarımızın közü sönməsin, süfrələrimizin bərəkəti tükənməsin.

 

Tərlan  Məhəmmədqızı

“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: