Qışda xəstələnməmək üçün nə etməli

100

Havanın soyuması qış ilə birlikdə xəstəliklər də gətirir. Artıq payızın ilk günlərindən istər uşaq, istərsə də böyüklər arasında yuxarı tənəffüs yolları xəstəlikləri yayılmağa başlayır. Xəstəliklərdən qorunmaq isə ilk növbədə öz əlimizdədir. Necə yeməyimizdən tutmuş, geyimimizə qədər bir sıra nüanslara diqqət etsək, qışı sağlam keçirə bilərik.

Həkimlərin sözlərinə görə, qışda xəstəliklərdən qorunmağın birinci və ən əsas yolu düzgün qidalanmaqdır. Hər kəs üçün düzgün qidalanma qaydaları fərqlidir. Yəni, konkret resept şəklində hər kəsə gündə hansı qidadan nə qədər qəbul edə biləcəyini demək doğru deyil. Çünki hər bir qidanın öz kalorisi var. İnsanın fiziki aktivliyindən asılı olaraq qəbul edəcəyi qidanın kalorisi də fərqli olmalıdır. Ona görə də bu məsələyə fərdi yanaşmaq lazımdır. Bu baxımdan, nə və nə qədər yemək lazım olduğunu hər kəs həkimi ilə məsləhətləşsə, yaxşıdır. Lakin biz praktik sağlam olan insanların mövsümi xəstəliklərdən qorunması üçün bəzi məsləhətlər verə bilərik. Düzdür, bədəni qışa hələ yaydan hazırlamaq lazımdır. Amma indi də gecikmiş hesab edilmirik.

Qışda bədənin ən çox “A” və “E” vitaminlərinə ehtiyac hiss edir. Bu tələbatı ödəmək üçün isə gün ərzində 2-3 dəfə meyvə yemək lazımdır. Yeyilən qidaların tərkibində “A” və “E” vitaminləri üstünlük təşkil etməlidir. “E” vitamini üçün quru meyvələr və göyərti qəbul etmək lazımdır. Xüsusən də, qoz, fındıq, püstə və badam enerji dəyəri yüksək qidalar hesab edilir. Ət, balıq, portağal, alma ilə “A” vitamini ehtiyacını ödəmək olar.

Antioksidant tərkibli meyvələrdən xüsusən, portağal, ananas, narıngi yemək lazımdır. Sitrus meyvələri ilə yanaşı, hər gün bir alma yemək olar. Qəbul etdiyimiz meyvələrin həm mövsümə uyğun, həm də yerli istehsal olmasına diqqət etməliyik. Gün ərzində bir stəkan alma şirəsi qəbul etmək bədənin həm vitamin ehtiyacını qarşılayır, həm bədəni qüvvətləndirir, həm də antioksidant effekti yaradır. Mədə-bağırsaq traktı sağlam olanlar gün ərzində meyvə qəbulunu digər aylarla müqayisədə artıra bilərlər.

Tərəvəzlər çiy və bişirilmiş formada gündə bir neçə dəfə qəbul edilməlidir. Qışda orqanizmin mikroelementlərə ehtiyacı artır. Bu ehtiyacı çərəzlər və qurudulmuş meyvələrlə təmin edə bilərik. Bu dediklərimiz sağlam insanlara aiddir. Bəzi xroniki xəstəliyi olan insanlar var ki, onlara müəyyən meyvə və tərəvəzlərin qəbulu məsləhət görülmür. Bu baxımdan, həmin şəxslər qidalanma və mövsümi xəstəliklərdən qorunmaq üçün həkimləri ilə məsləhətləşsələr, yaxşı olar. Məsələn, praktik sağlam insanlar qışda immuniteti gücləndirmək və soyuğa qarşı müqavimətli olmaq üçün yağlı qidalar qəbul edə bilərlər. Lakin şəkərli diabeti, xolesterini yüksək olan şəxslərə bu cür qidalanmaq məsləhət deyil.

Həkimlərin məsləhətinə görə, mövsümi xəstəliklərdən qorunmaq üçün yalnız vitamin tərkibli qidalar qəbul etmək kifayət deyil. İdman və aktiv həyat tərzi də vacibdir. Yayda olduğu kimi, qışda da günün müəyyən saatlarını açıq havada keçirmək məsləhətdir. Açıq havada qaçmaq və idman etməklə bədəni qüvvətləndirmiş oluruq. İşi oturaq olanlar və gəzintiyə vaxt tapa bilməyənlər otaq şəraitində idman edə bilərlər. Ən azı, gün ərzində səhər və axşam saatlarında 1 saat açıq havada olmaq lazımdır.

Soyuqdan qorunmanın bir yolu da düzgün geyim seçməkdir. Qışda geyim seçərkən pambıq materialdan olmasına diqqət edilməlidir. Naxçıvanda hava şəraiti gün ərzində bir neçə dəfə dəyişə bilər. Ona görə də geyim seçəndə, bu məqam nəzərə alınmalıdır. Çox paltar geyinməklə xəstəlikdən sığortalanmış hesab edilmirik. Geyimimiz çox qalın olmasa da, küçəyə çıxanda, əlavə geyim də götürsək, yaxşı olar. Ümumiyyətlə, təbii parçalardan olan geyimlərə üstünlük verilməlidir.

“Oğuz yurdu” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: