“Milax” termini üzümün qurudulması ilə bağlıdır. Hələ soyuducuların olmadığı dövrdə milaxlar, həmçinin armudun, heyvanın, narın qışa saxlanılması üçün də mühüm əhəmiyyət kəsb edirdi. Naxçıvanın üzüm bağlarında yetişən aborigen üzüm sortlarından – hənəqırna, ağaldərə, sarı aldərə, əsasən, milax üzümü hesab edilir. Bağlarda gecyetişən və qabığı qalın olan hənəqırna, südağı, eləcə də sarı aldərə üzüm sortları, əsasən, oktyabr ayında toplanılır, bir-iki gün günün altına sərilir, sonra xarab olan gilələr təmizlənir, milaxlara düzülərək tavandan asılır.
Ta qədim zamanlardan üzümü qışda istifadə üçün asanda iki üsuldan istifadə edilirdi: əvvəla, evin tavanında ip, yaxud məftil çəkilir, üzüm salxımları düzülərək asılırdı. Milax çoxlu qol-qanadı olan ağac parçasıdır. Ənənəvi olaraq milax, əsasən, at pıtrağı (xalq arasında buna qaraxot da deyirlər) bitkisindən hazırlanırdı. Həyətyanı sahələrdə alaq kimi bitən, enliyarpaqlı bu bitkinin hündürlüyü bir metrdən artıq olur. Yaxşı inkişaf edən, qarşı-qarşıya olan yan budaqları vardır. Bitki quruyan zaman yüngül olmaqla yanaşı, budaqları qırılmağa qarşı davamlıdır. O quruyan zaman dibdən vurulur, budaqları 20-40 santimetr olmaqla, ucları kəsilir. Asmaq üçün baş hissəsində ipdən ilgək düzəldilir. Qaraxot olmadıqda şaxələnmiş budaqları olan ağaclardan istifadə edilirdi. Həmin milaxlar qaraxotdan düzəldilənə nisbətən daha ağır olurdu.
Milaxlar təsərrüfat damlarında (buna “əl damı” da deyirdilər) asılırdı. Əslində, əksər ailələrdə yardımçı binalar olmadığı üçün milaxlar elə evin tavanından asılırdı. Foklorumuzda Molla Nəsrəddinlə əlaqəli bir lətifə də vardır: “Mollanın evinə üzlü bir qonaq gəlir. Yeyib-içdikdən sonra yatmağa uzanan qonağın gözü tavandan asılmış milaxa sataşır. Mollaya eşitdirmək üçün qonaq oxumağa başlayır: “Bizim yerlər, bizim yerlər, yatanda üzüm yeyərlər”. Molla isə üzlü qonağa cavab vermək üçün “Bizdə elə adət yoxdur. Saxlayıb gündüz yeyərlər”, – deyir. Bu məsəl göstərir ki, həqiqətən, əksər ailələr yaşadıqları otaqlara milax asardılar.
Milaxda asılan üzüm Novruz bayramına qədər təravətli qala bilirdi. Armud, heyva, nar isə saplaqlarından ip ilə bağlanır, ya da hava keçirən torbaya yığılıb asılardı. Almanı isə əsasən, taxılın (arpa, buğda) içərisinə qoyub saxlayardılar. Bir folklor nümunəsi də bunu təsdiq edir: “Almanı atdım xarala, qaldı sarala-sarala”.
Milaxların yaşayış evinin tavanından asılması təsadüfi deyildir. Həmin dövrün tikililəri də buna uyğun idi. Belə ki, o dövrdə Naxçıvan kəndlərində evlər bir qayda olaraq düzünə tikilmiş, biri “qəhvəxana” adlanan iki otaqdan ibarət olardı. Orta otaqda olan qəhvəxanadan yan otaqlara qapı açılardı. Bura həm də dəhliz, salon, mətbəx kimi istifadə edilərdi. Yağışlı havalarda ayaqqabılar qəhvəxanada çıxarılar, ərzaq, mətbəx qab-qacağı burada saxlanılar, neftlə işləyən “kerosinka”da xörək, çay hazırlanırdı. Evlərin bünövrəsi daşla, üst hissəsi ya çiy kərpiclə, ya da möhrə ilə hörülərdi. Möhrə divarlar zəlzələyə daha çox davamlı olurdu. Damın üstünə tir atılar, tirlərin üzərinə pərdi, yəni qabığı soyulmuş, iki bölünmüş kiçik qolçalar düzülərdi. Pərdi düzüldükdən sonra üzərinə qamış sərər, üstünə mor – ayaqlanıb yetişdirilməmiş palçıq verərdilər. Mor qamışın üstünə verildikdən sonra torpaq səpib ayaqlayırdılar. Binanın divarlarını və üstünü saman qarışdırılmış palçıqla suvayardılar. Həm otaqlarda, həm də salonda divarlarda taxçalar düzəldilər, evin əşyaları taxçalara yığılardı. Həmin evlərdə saxlanılan milaxlardakı üzümlər daha təravətli qalırdı.
Göründüyü kimi, etnoqrafiyamızda üzümün qurudulması zamanı xüsusi vasitələrdən istifadə olunub. Bir məqamı da qeyd edək ki, bu gün muxtar respublikanın Culfa rayonunda “Milax” adlı yaşayış məntəqəsi də var. Ehtimal olunur ki, sözün etimologiyası həm yuxarıda qeyd olunan kimi üzümün qurudulması, həm də yaxınlıqdan keçən Əlincə çayının mil, yəni düzünə axması ilə əlaqədardır.
Bu gün Naxçıvanda üzümçülüyün ənənəvi şöhrəti özünə qaytarılır. Hər il muxtar respublikanın rayonlarında yeni üzümçülük təsərrüfatları yaradılır. Soyuducu anbarların inşa olunması, hər fəsildə təzə üzüm yeməyə imkan versə də, üzümün qurudulması ənənəsi bu və ya başqa üsullarla bu gün də yaşadılır. Çünki milax üzümü özünün dad-tamı ilə digərlərindən seçilir.
Zaleh NOVRUZOV