Qış yeməklərində boranının xüsusi yeri var

136

Mövsümi yeməklərlə zəngin olan mətbəximizdə tərəvəz yeməkləri içərisində boranının xüsusi yeri var. Payızda yığılan boranıdan-balqabaqdan qış aylarında milli mətbəximizdə geniş istifadə olunur. Ondan müxtəlif cür yeməklər bişirilir, kətə hazırlanır. Boranı şirəsi, mürəbbəsi isə bir çox xəstəliklərin dərmanıdır.

Boranı aşı qışda ən çox yeyilən yeməklərdəndir. Bu xörək qovurma ilə bişiriləndə daha ləzzətli olur. Bunun üçün əvvəlcə lobya qaynadılır, suyu süzülür. Ərik, alça isladılır. Qovurma ilə soğan qovrulur. Azca sarıkök əlavə olunub su tökülür. Sonra yarma əlavə olunur. Qazana xırda doğranmış boranı, kartof və soğan salınır. İçərisinə alça, ərik, əvvəldən bişirilmiş lobya tökülür, duz vurulur. Suyu az çəkilənə yaxın şirə əlavə olunur.

Boranıdan plov da bişirilir. Bu cür plovu bişirmək üçün əvvəlcə düyü süzülür. Qazana lazımi qədər yağ salındıqdan sonra əvvəlcədən bişirilmiş ət tikələri oraya düzülür. Növbə ilə düyü, soğan, kartof, ərik, alça qurusu düzülür. Üzərinə zəfəranlı yağ əlavə olunur. Dəmə qoyulur.

Onun mürəbbəsini hazırlayarkən boranı kub formasında doğranılır. Doğranmış boranı əhəngli suya salınır. Bir kiloqram boranıya bir kiloqram hesabı ilə şəkər tozu götürülür və üzərinə su əlavə olunub qaynamağa qoyulur. Suyu süzülən boranı təmiz yuyulur. Qaynar şirəyə tökülür. İçərisinə vanil, hil əlavə olunur. Hazır olana yaxın limon duzu vurulur.

Boranı şirəsi mədə-bağırsaq xəstəliklərinə yaxşı təsir göstərir. Çəkilmiş boranı şirəsinə azca bal əlavə olunur. Mədə ağrılarına yaxşı təsir edir.

Boranı kətəsi də çox dadlı olur. Xırda doğranmış boranıya çəkilmiş soğan qatılır. Duz, istiot vurulur. Göy kəvər, ispanaq, alça lavaşası əlavə olunur. Hazırlanmış qarışıq kənara qoyulur. Süd, yağ, duz ilə xəmir yoğrulur. Xəmirə azca maya qatılır. Xırda kündələrdən açılmış lavaşın arasına iç qoyulur. Üzərinə yumurtadan hazırlanmış üzlük vurulur. Sacda və ya sobada, bəzən isə yağın içərisində bişirilir. Həmçinin müxtəlif şirniyyatların hazırlanmasında da boranı cemindən istifadə olunur.

Mövsümi yemək olan boranıdan istifadə etmək sağlamlığımıza yaxşı təsir edir. Soyuq qış günlərdə boranı yeməklərindən istifadə edək ki, canımız həmişə sağlam olsun.

Tərlan Məhəmmədqızı
“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: