Cari il iyulun 1-dən öz səlahiyyətlərinin icrasına başlayacaq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək.
Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bu barədə agentliyin qida məhsulları istehsalçılarına müraciətində deyilir.
Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidir, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, “Made in Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır.
Qeyd olunub ki, respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.
Bu gün ölkədə sağlam sahibkarlıq mühitinin formalaşması, iqtisadiyyatın inkişafında özəl sektorun rolunun əhəmiyyətli dərəcədə artması, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şəraitin yaradılması, qanunvericilik qaydalarının liberallaşdırılması, maliyyə-kredit təminatlarının yaxşılaşdırılması, sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi məhz həmin kompleks tədbirlərin nəticəsində mümkün olub.
Ölkə başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi də öz fəaliyyətində sahibkarlarla bilavasitə əlaqədə olacaq, onların fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcək.
Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırır, istehsal etdikləri qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu bir daha onların nəzərinə çatdırır. Eyni zamanda, yaxın bir ay ərzində öz fəaliyyətlərinə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir.