Qanlıgöl əfsanəsi, yaxud Naxçıvanın təbiət gözəli

267

Muxtar respublikanın Şahbuz rayonu heyrətamiz təbiəti, abad, rahat yolları, füsunkar kənd mənzərələri ilə hər il buraya gələn qonaqları heyran edir. Bu gözəlliklər arasında Qanlıgölün də özünəməxsus yeri var.

NUHÇIXAN xəbər verir ki, Qanlıgöl rayonun sərhəd kəndi Küküdən təxminən 7 kilometr məsafədə yerləşir. Kənddən oraya dolanbac dağ yolu ilə, “Sarı qaya”, “Şırran” deyilən yerlərdən keçməklə getmək olar. Yol isə insanı yormur. Çünki təmiz hava, gözəl mənzərələr, saf su, əzəmətli dağlar insana sanki güc verir.

Budur, Qanlıgölə çatırıq. Bir tərəfdən yamyaşıl çəmənlər, digər tərəfdən quşların bir-birinə qarışan nəğməsi. Bu gözəlliklərə gölün cazibədar mənzərəsini də əlavə etdikdə, düşünürsən ki, belə gözəl məkan, yəqin ki, ancaq tamaşa etmək üçün yaranıb.

Möhtəşəm mənzərəni seyr edərkən bizdə sual yaranır: nə üçün belə gözəl bir gölə “Qanlıgöl” deyirlər? Əfsanəyə görə, keçmiş zamanda bu ərazilər düzənlik və hava şəraiti əkin üçün əlverişli olduğundan insanlar buraya toplaşaraq şum işləri aparırmış. Bir dəfə torpağın altından çıxan su burada çalışanları ağuşuna alıb, onlardan bir neçəsi suya qərq olub. O zamandan bəri bu göl “Qanlıgöl” adlandırılıb. Bu gölə heç bir çay tökülmür. Göl ətrafda çağlayan bulaq suları ilə qidalanır. Buna görə də gölün suyu çox soyuqdur.

Qanlıgöl dəniz səviyyəsindən 2420 metr yüksəklikdə, Keçəldağın ətəyində yerləşir. Təbii gölün əsasında eyniadlı su anbarı yaradılıb. Kükü kəndinin sakinləri bu dağların yamacındakı əkin sahələrini həmin gölün suyu ilə suvarırlar. Qanlıgölün qarşısında XVI əsrdən başlayaraq bir neçə dəfə bənd tikilib, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılıb. XIX əsrin ortalarında burada yenə bənd tikilib. İrihəcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir.

Yerli sakinlərin sözlərinə görə, Qanlıgölün ən mənzərəli çağı sentyabrın ilk ongünlüyüdür. Çünki bu zaman gölün içindəki bulaqlar suyun çəkilməsi nəticəsində ortaya çıxır və füsunkar mənzərə yaranır. Qanlıgölü qidalandıran bulaqların içində ən məşhuru Pünhan bulaqdır. Göz yaşı kimi dumduru, buz kimi soyuq bulaq… Ana təbiət öz səxavətini bu yerlərdən əsirgəməyib.

Burada təbiət sanki açıq əczaxanadır. Gölün ətrafındakı dağlardan insanlar şəfalı bitkilər – çobanyastığı, dihcə, baldırğan, kəklikotu, yarpız, solmazçiçək, səhləb yığır, faydasından yararlanırlar. Bu yerlərin saf havası ilə nəfəs aldıqca cürbəcür otların, çiçəklərin ətri hiss olunur. Buradan həm də yaylaq ab-havası duyulur. Qanlıgöl yaylağında illərdir ki, Kükü kəndi ilə yanaşı, ətraf kəndlərdən, həmçinin Kəngərli rayonunun Xok, Şərur rayonunun Mahmudkəndindən təsərrüfat sahibləri gəlib yurd salır, mal-qara, qoyun-quzu saxlayırlar.

Obadakı heyvandarlıq və maldarlıqla məşğul olan zəhmətkeş insanlarla söhbətimiz də maraqlı oldu. Onlar deyirlər ki, oba həyatının öz gözəlliyi var. Burada zaman Günəşin hərəkəti ilə nizamlanır. Günəş səhər-səhər Keçəldağın arxasından boylanmağa başlayanda, hələ çəmənlərin şehi çəkilməmiş mal-heyvanı sağıb örüşə çıxarırlar. Qoyun-quzu mələşməsi, at kişnərtisi, çoban tütəyinin səsi sübhün soyuq sazağına qarışıb dağlarda əks-səda verir. Kimi təzəcə sağdığı süddən xama, qaymaq, pendir tutur, kimi şor-kərə, lor hazırlayır, qurut sərir, kimi də bir gün öncədən yığdığı dihcəni, ələyəzi hörükləyir…

Bu yerlər insanın ruhunu təzələyir, təbiət insana ilham verir. Bir daha hiss edirsən ki, sən də ana təbiətin ayrılmaz bir parçasısan.

Qanlıgöldən ayrılmaq, bu yerləri yazılı dillə insanlara çatdırmaq qədər çətindir. Böyük şairimiz Məmməd Araz demişkən:

Sənin qoynun bir güllü yaz,

Nələr yazım bu yaz haqda.

Sənin eşqin vəsf olunmaz

Beş varaqda, on varaqda.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: