Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilir.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli zaman-zaman ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən söz açıb.
Akademik bildirib ki, 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” tarixi Fərman imzalayan ulu öndər Heydər Əliyev bu ədalətsiz deportasiya siyasətinə dolğun siyasi-hüquqi qiymət verib.
İsa Həbibbəyli Qafqazşünaslıq İnstitutunun fəaliyyətə başladığı qısa müddətdə xeyli uğurlu işlər həyata keçirdiyini deyib, irəli sürdüyü problemlərin araşdırılmasına gənc tədqiqatçıların xüsusi maraq göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “XX əsrin 40-cı illərində beynəlxalq şərait və Qafqazda deportasiyalar” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans işini “Cənubi Qafqazda deportasiyalar” və “Şimali Qafqazda deportasiyalar” mövzularında bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələrinə həsr edilən məruzələr dinləniləcək və geniş müzakirələr aparılacaq.
Konfransda AMEA-nın institutlarından, təhsil müəssisələrindən yüzə yaxın alim və tədqiqatçı, müxtəlif universitetlərdə qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər.