Qadir Qədirzadənin 70 illiyi qeyd edilib

347

NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində tanınmış alim, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin 70 illiyi qeyd edilib.

Əvvəlcə tədbir iştirakçıları etnoqraf-alim Qadir Qədirzadənin doğulduğu Cəhri kəndindəki məzarını ziyarət edib üzərinə gül qoyublar. Alimin ruhuna dualar oxunub.

AMEA-nın Naxçıvan Bölməsində davam edən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev alimin həyat və yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, Qadir Qədirzadə 1975-2018-ci illərdə AMEA Naxçıvan bölməsində müxtəlif vəzifələrdə çalışaraq Azərbaycan elminə bir-birindən dəyərli töhfələr verib. 400-ə yaxın elmi, elmi-kütləvi məqalə və 20 kitabın müəllifi olan Qadir Qədirzadənin tədqiqatlarında qədim diyarımız Naxçıvanın tarixi və etnoqrafiyası xüsusi yer tutur.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli qeyd edib ki, Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan məsələsi, Naxçıvanda şəhərsalma mədəniyyəti, islamaqədərki milli adət və ənənələr, türk xalqlarının tarixi və folkloru alimin araşdırma və tədqiqatlarında üstün mövqedə dayanır.

Vurğulanıb  ki, Azərbaycan və hətta türk dünyasının tanınmış alimləri sırasına qatılan Hacı Qadir Qədirzadə  zəngin  elmi  yaradıcılığı  ilə pedaqoji fəaliyyətini uğurla əlaqələndirib. O, müxtəlif ölkələrin şəhərlərində Beynəlxalq səviyyəli simpozium, qurultay, konfrans və digər elmi məclislərdə əhatəli çıxışları ilə Azərbaycan və Naxçıvan elmini layiqincə təmsil edib. Təkcə alim deyil, həm də vətənpərvər bir insan, əsl ziyalı kimi onu tanıyanların qəlbində özünə əbədi məhəbbət qazanıb.

Tədbirdə AMEA-nın müxbir üzvləri Əliəddin Abbasov, Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktorları Asəf Orucov və Emin Şıxəliyev çıxış edərək alimin fəaliyyətindən ətraflı bəhs ediblər.

Qadir Qədirzadənin ailə üzvləri alimin 70 illik yubileyinin keçirilməsinə görə minnətdarlıq ediblər.                                                      

Qeyd edək ki, etnoqraf-alim Hacı Qadir Qədirzadə 1948-ci il mayın 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1971-1975-ci illərdə Cəhri kənd orta məktəbində müəllim işləyən Qadir Qədirzadə 1975-ci ildən elm sahəsində fəaliyyətə başlayıb, Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifələrində işləyib. 1992-2002-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini, 2003-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.

1983-cü ildə tarix üzrə fəlsəfə doktoru, 2004-cü ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsi alan Qadir Qədirzadə 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Etnoqrafiya üzrə tanınmış alim 2018-ci il martın 8-də ömrünün 70-ci ilində vəfat edib.

                    Turab  Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: