Qələbənin Günnüt səhifəsi

398

20-ci əsrin 80-90-cı illərində Azərbaycan Ermənistan tərəfindən zorla müharibəyə cəlb edildi. Hələ Sovet İttifaqının mövcud olduğu bir vaxtda ermənilər rus ordusunun köməyi ilə Azərbaycanın torpaqlarını işğal etdilər. Yenicə əldə edilən müstəqillik və milli ordunun formalaşdığı məqamda gedən  proseslərdə suverenliyimiz çətin sınaqlar qarşısında qalmışdı. Amma zamanında ümummilli lider Heydər Əliyevin ölkədə ikinci dəfə Ali hakimiyyətə gəlişi ilə Azərbaycanda iqtisadi sabitlik və inkişafa doğru irəliləyiş strategiyası həyata keçirildi.

İtirilmiş torpaqların zamanla bərpası  güclü və nizami ordu vasitəsi ilə mümkün olacaqdı. Bu sahə daim dövlətimiz tərəfindən prioritet məsələ kimi diqqət mərkəzində olub. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Ordumuza ayrılan büdcə işğalçı Ermənistanın bütövlükdə dövlət büdcəsindən artıq olmalıdır. Ordumuzun dünyanın ən müasir və inkişaf etmiş orduları sırasına çıxarılması üçün uzun müddət gərgin iş görülüb.  İnkişaf etmiş ölkə və beynəlxalq hərbi təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub, zabit və hərbiçilərin döyüş hazırlığına, döyüş qabiliyyətinin artırılması məsələsi ciddi şəkildə nəzarətdə saxlanıb.

Azərbaycan Ordusunda 4 il xidmət edən biri kimi demək istəyirəm ki, bu gün ordumuz 1990-cı illərdəki mövcud şəraitlə müqayisəyə gəlməyəcək dərəcədə inkişaf edib. Ən müasir silah-sursatla təchiz olunan ordumuzda əsgərlərimizin-gənclərimizin döyüş ruhu və vətənpərvərlik tərbiyəsi də yüksək səviyyədədir. Biz bütün bunları 2016-cı ilin aprel döyüşləri zamanı gördük. Minlərlə gəncimiz  könüllü olaraq müraciət edərək orduya getmək və döyüşlərdə iştirak etmək istəyirdilər. Müharibə dövründə mübariz döyüş ruhunun olması isə qələbəni şərtləndirən vacib amillərdəndir.

Muxtar respublikamızda isə ordu quruculuğuna qayğı və diqqət nümunə ola biləcək səviyyədədir. Əsgərlərin döyüş hazırlığının, məişət şəraitinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tez-tez muxtar respublikanın sərhəd məntəqələrinə səfər etməsi, əsgərlərlə görüşərək onların şəraitləri ilə tanış olması, yeni əsgər yataqxanalarının və hərbi obyektlərin tikilərək istifadəyə verilməsi bu sahəyə diqqətin bariz nümunəsidir. Ən müasir silahlarla təchiz olunan Əlahiddə Ümumqoşun Ordu artıq qarşıya qoyulmuş bütün çətin döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək gücündədir.

 Ötən ilin oktyabrında baş tutan hərbi paradda gördüklərimiz hər birimizin sinəsini qabartmaqla yanaşı, qələbələrin daha yaxında olacağına inamımızı artırıbdır. Hərbi  gücümüzün nümayişi xalqımızın, o cümlədən gənclərimizin mənəvi-psixoloji hazırlığına və vətəndaşlıq tərbiyəsinə əhəmiyyətli dərəcədə  təsir edib. Bu gün isə biz daha böyük zəfərin, Günnüt qələbəsinin bizə bəxş etdiyi xoşbəxtliyi yaşayırıq. Bəli, təlimdə tökülən tər, döyüşdə zəfərlərin qazanılmasına rəvac verib. Günnüt kəndinin düşmən əsarətində olan 11 min hektarlıq ərazisi azad olunub, artıq bu torpaqlarda müstəqil Azərbaycan bayrağı dalğalanır. Bu isə aprel döyüşlərindən sonra ordumuzun qazandığı böyük qələbələrindən biri kimi əhəmiyyətlidir.

Azərbaycan müstəqil bir  dövlət olaraq sahib olduğu bütövlüyünü heç kəslə bölüşmür və haqlı olaraq öz hüququnu bütün beynəlxalq normalara əsasən təmin edir.

Şərur rayonunun Günnüt kəndi 26 il bundan əvvəl–1992-ci ildə ermənilərin nəzarətinə keçib. İşğal altında olan digər yaşayış məntəqələri kimi, Günnüt kəndi də tamamilə dağıdılıb. Vətəndaşlara məxsus evlər, məktəb binası, tibb məntəqəsi, kənd məscidi, hətta qəbiristanlıq belə, erməni vandallarının vəhşiliyi ilə yerlə yeksan edilib. Son günlərdə isə Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi əməliyyat nəticəsində Günnüt kəndi daxil olmaqla ətraf ərazilər  azad olundu. Əsgərlərimiz Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər qurdular. Dərələyəz mahalının Arpa kəndində və Mehri­dərə vadisində düşmənin  fəaliyyəti tam nəzarət altına götürülüb. Bununla da, dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliklərdə yerləşən bu ərazilər ordumuzun birləşmələrinə düşmənin hərəkətdə olan və olmayan  çoxsaylı obyektlərini izləməyə və nəzarət etməyə imkan verib. Ən önəmlisi isə Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuzun nəzarəti tam təmin olunub.

Ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib. Günnüt qələbəsi də Vətən uğrunda mübarizəmizin ən yaddaqalan səhifələrindəndir. Bu qələbə həm də qüdrətli Azərbaycan Ordusunun 100 illik yubileyinin şəninə yaraşan ən layiqli töhfədir. Bu həm də böyük tarixi qələbəmizin ilk nişanələrindəndir.  Çox çəkməz bu günlər 100 illik yubileyi qeyd olunan müzəffər ordumuz düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək müstəqil Azərbaycana qələbə bayramı yaşadar!

 

Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: