QƏLƏBƏN, ANDIN MÜBARƏK, AZƏRBAYCAN! - Sahil Tahirli yazır

182

Budur, Azərbaycanın ən yeni tarixinin daha bir parlaq səhifəsi vərəqlənir. Prezident İlham Əliyevin bu gün əlini ali qanunumuza və Qurani-Şərifə basaraq and içməsi ilə xalqımız öz taleyini və gələcəyinin daha 7 ilini ulu öndər Heydər Əliyevin siyasi  kursuna etibar etdi.

Bəli, bu həmin Azərbaycandır. Min illər bundan əvvəl bəşər svilizasiyasının ilkin közərtiləri bu torpaqda alovlanmış, Qobustanda, Gəmiqayada başlayan böyük  mədəniyyət  bu xalqın geninə, ruhuna hopmuşdur. Vaxtilə böyük ərazilərə və torpaqlara malik Azərbaycan xalqı Xurrəmilərlə ərəb xilafətinə  qarşı  döyüşmüş, Eldənizlər, Səfəvilər kimi qüdrətli dövlətlər yaratmış, dünya mədəniyyətinə, elminə, Nizami, Füzuli, Nəsirəddin Tusi kimi böyük dühalar vermiş, Möminə Xatın, Qız qalası kimi incilər bəxş etmişdir. Zəngin təbiət, əlverişli coğrafi mövqe, bir-birindən qiymətli təbii sərvətlər bu yurdu tarixən işğalçı, talançı pəncəsi ilə üz-üzə, göz-gözə qoymuşdur.

 Həyat güclüləri bəzən büdrədir ki, onlar ayağa qalxsınlar və başa düşsünlər ki, nə qədər güclüdürlər

Və uzun sözün qısası, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır.

Bu yazıda tarixi  prosesləri ardıcıllıqla sadalamaq fikrindən uzağam və qısa şəkildə qeyd etmək yerinə düşər ki,  XX əsrdə bizim ən böyük qazancımız, milli qələbəmiz 1920-ci ildə itirdiyimiz müstəqilliyimizi 70 il sonra yenidən bərpa etməyimiz oldu. Bu tarixi nailiyyətin konseptual əsasları isə heç şübhəsiz, ulu öndər Heydər Əliyevin Sovetler Birliyi dönəmində ölkəmizə rəhbərliyi illərində işlənib hazırlamışdır. Heydər Əliyev milli düşüncə və şüuru formalaşdırmaq, milli ziyalıları qorumaq, ana dili, təhsil, iqtisadiyyat, ordu quruculuğu kimi prioritet sahələri inkişaf etdirməklə, əslində, Azərbaycanı Sovetsizlik dönəminə – Müstəqil Azərbaycana hazırlamışdır. Ona görə də biz indiki mərhələdə “Heydər Əliyev Azərbaycana nə verdi”, – sualına qürurla “Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı” cavabını verə bilirik.

Çinlilərin  ibrətamiz bir atalar sözü var :

“Keçmişi unutma, çünki o, gələcəyin müəllimidir”

Güclü iqtisadiyyat, ordu, sosial rifah, ərzaq və enerji təhlükəsizliyi, dünya  birliyində söz sahibinə çevrilmək, regionun lider dövləti olmaq Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan ən yaxın keçmişi, onun layiqli davamçısı İlham Əliyevin adı ilə  bağlı olan  bu günü və gələcəyidir. Elə ona görə də Azərbaycan xalqının bu dəfəki seçimi 2-3 faiz səs toplayanlar yox, məhz 86,02  faizlə xalqın böyük sevgisini qazanan Cənab İlham Əliyevdir!

Vətənə məhəbbət mücərrəd anlayış deyil. Vətənə məhəbbət yüksək təşkilatçılıq, inkişaf, islahat və bunları real işdə birləşdirən böyük mənəvi qüvvədir. Cənab İlham Əliyevin qələbəsinin əsasında da real iş və əmələ əsaslanan Vətən sevgisi, bu sevginin bəhrəsi olan qüdrətli və güclü Azərbaycan dayanır. Çünki yüksək liderlik keyfiyyətinə və idarəetmə bacarığına malik olan Hörmətli Prezidentimiz ölkəmizin iqtisadi müstəqilliyini tam təmin etməklə, həm də siyasi müstəqilliyin uzun illərə hesablanmış fundamental əsaslarını yaratmışdır.

Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə bu günlərdə verdiyi müsahibəsindən bir məqama diqqət edək: “Bizim idarəçilik formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə yaşayıb, yaşayır və yaşayacaqdır… Bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub, 1 milyon 400 min iş yeri yaradılıb”. 

Təbii ki qazanılan bu uğurlar heç də asan başa gəlməyib. Bəzi anti-milli qruplaşmalara və xarici müdaxilələrə baxmayaraq Azərbaycan qatarı öz yolundan bir an da olsun dayanmadı. Bugünkü andiçmə mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi.”

Güclü ideyanı müdafiə edən xalq da güclüdür

Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 15 il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”,- məramı ilə dövlətimizin sükanı arxasına keçən İlham Əliyev özünü iş və əməldə təsdiq edərək böyük xalq sevgi və inamının ünvanına çevrilmişdir. Andiçmə mərasimində dövlət başçısı bu məsələni də xüsusilə vurğuladı ki, “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”

Ötən müddətdə Azərbaycanın bütün regionlarının tarazlı inkişafına yönələn regional proqramların qəbulu ölkəmizin başdan-başa dəyişilməsi ilə şərtlənmişdir. “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, – deyən böyük öndər Heydər Əliyevin  bu arzusu da ötən 15 ildə real iş və əməldə öz təsdiqini tapmışdır. Hələ ötən əsrin 20-ci illərində Zəngəzurun işğalı ilə ölkəmizin əsas ərazisindən ayrı düşən, ötən əsrin 90-cı illərində isə blokadanın daha da dərinləşməsi ilə təcrid vəziyyətində və işğal təhlükəsində qalan Naxçıvan bu gün Azərbaycanın inkişafını səciyyələndirən bir quruculuq və tərəqqi modelidir. Ölkə başçısının diqqət və qayğısı ilə anbaan inkişaf edən bu qədim yurd yerimiz ən çətin iqtisadi buxovlar məngənəsindən qurtularaq çiçəklənən bir diyara çevrilməyin nümunəsini yaratmışdır.

“Biz – Heydər Əliyevin davamçıları  Azərbaycanı da, Naxçıvanı da inamla, Heydər Əliyevin yolu ilə yeni qələbələrə doğru aparacağıq ”,- deyən cənab Prezidentimizin yüksək diqqət və qayğısı,  Ali Məclisin Sədri Cənab Vasif  Talıbovun ulu öndərin yoluna və ideyalarına dərin sədaqəti özlüyündə yeni bir Naxçıvan, güclənən bir muxtar respublika yaratmışdır. Prezident İlham Əliyevin qədim diyara ardıcıl səfərləri, yüzlərlə sosial əhəmiyyətli obyektin açılışı, bir-birindən əhəmiyyətli enerji və infrastruktur layihələrinin icrası naxçıvanlıların qəlbində dövlət başçısına böyük sevgi və inam yaratmışdır. Bunun nəticəsidir ki,  bu dəfəki seçkilərdə də yüz minlərlə muxtar respublika sakini seçki məntəqələrinə İlham Əliyev seçimi və İlham Əliyev sevgisi ilə yollanmışdı!

Qısa statistik təhlil göstərir ki, əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, hazırda bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatıb. Muxtar respublikada 376 növdə məhsulun istehsal olunmasını, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsini sadəcə sahibkarlığa göstərilən qayğının nəticəsi kimi dəyərləndirmək olmaz. Bu əslində düzgün idarəçiliyin, böyük zəhmətin, gələcəyə hesablanmış iqtisadi layihələrin nəticəsidir. Daxili imkanlardan səmərəli istifadə və həyata keçirilən iqtisadi islahatlar nəticəsində ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Şəhər və rayon mərkəzlərindən ən ucqar dağ və sərhəd kəndlərinə qədər, bütün yaşayış məntəqələri qazlaşdırılıb, mənzillərə fasiləsiz elektrik enerjisi verilir, əhaliyə dayanıqlı rabitə və sürətli internet xidməti göstərilir. Yaradılmış inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionlarını əhatə edən 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır. Təbii ki, muxtar respublikamız bu uğura da ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, ümummilli liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olmuşdur.

Bütün bu sadalananların fonunda deyə bilərik ki, hər an döyüşə hazır olan Əlahiddə Ümumqoşun Ordusu, intelektli və vətənpərvər gəncliyi, öz dinamikası ilə seçilən sənayesi, kənd təsərrüfatı, yüksək turizm potensialı, abadlığı və səliqə-sahmanı ilə istər yerli, istərsə də xarici medianın gündəmindən düşməyən Naxçıvan bu gün qürür və and yerimizdir: Həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkəmizin Gənclər Paytaxtıdır.

Güclü ölkənin, güclü Prezidenti

Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı ki, “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da Xalqa xidmət etməkdən ibarətdir”. Son 15 ilin Azərbaycanı bir daha təsdiq etdi ki, cənab İlham Əliyevin həyatı Xalqına və Vətəninə həsr olunmuş əsl LİDER ÖMRÜDÜR. Cənab İlham Əliyev ulu öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O məhz Vətəninin, xalqının rifahı üçün yaşayan LİDERDİR. Vətənin, xalıqın taleyini öz taleyinə çevirən LİDERDİR. Bu mənada milyonların istəyi və təbriki birdir: QƏLƏBƏN, ANDIN MÜBARƏK , AZƏRBAYCAN!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: