Qədim yurd yerlərimiz-“Köhnə Kənd” yaşayış yeri
Bu yaşayış yeri Şahbuz rayonunun Qızıl Qışlaq kəndində- Küküçayın sağ qolunun və Güney Qışlağa gedən şose yolunun sağ tərəfindədir. Sahəsi 6 min kvadratmetrə yaxındır. Yaşayış yerinin bir hissəsi yol çəkilişi zamanı dağıdılmışdır. Həmin sahədə 200 metrə yaxın məsafədə kəsim alınmış, tikili qalıqları, 3 ədəd təndir, keramika parçaları, daş dibək qırığı aşkara çıxmışdır. Yaşayış yeri tamamilə həyətyanı sahənin altındadır. Yaşayış yerində müxtəlif ölçülü 1,5m x 0,60 (0,70) m yonulmuş sandıq formasında daşlar vardır. Bunların bəziləri vaxtilə aparılıb, həyətlərdə “yalaq daşı” (daş isladılır, üzərinə narın duz səpilir. Qoyun və inəklər duzu yalayır) kimi istifadə olunub.
Ərazidə olan keramika parçaları boz, qaramtıl olub, qum qarışığı ilə bişirilib. Aşkarlanan keramika parçaları Antik dövrə aiddir. Təndirlərin tədqiqi çox maraqlıdır. Hər üç təndirdə badın arxasında kül, bişmiş kərpic qırıqları mövcuddur. Bu isə onu göstərir ki, Naxçıvan ərazisində 2 min il bundan əvvəl yeraltı təndirlərdən istifadə edilib. Təndir qazılan zaman ölçüsü böyük götürülür, badlar döyülüb hörüldükdən sonra istini yaxşı saxlaması üçün arxasına kül doldurulurdu. Bu cür təndirlər əsasən lavaş bişirmək üçün istifadə edilirdi.
Təndirlərin badları da maraq doğurur. Son dövrlər qoyulan təndirlərin badları 8-10 sm qalınlığında, hər bad layının qalınlığı da təxminən 10-12 sm olurdu. Burada isə badların qalınlığı 3-4 sm olmaqla daha yaxşı bişirilmiş, saxsıya bənzəyir. 2016-cı ildə Naxçıvan Televiziyasının “Karvan” verilişi ilə abidədə çəkiliş aparmışıq.
Qızıl Qışlaqdan Güney Qışlağa gedən zaman yolun sol tərəfindəki hündür təpələrin döşündə yeni meşə əmələ gəlir. Son illər ekologiyaya ciddi fikir verilməsi, ağac və kolların kəsilməsinin qadağası meşələrin yenidən bərpa olunmasına şərait yaratmışdır. Güney Qışlağın cənub hissəsində dağın üzərində 30 hektara yaxın düzən hissədə əvvəllər meşə olduğu hiss olunur. Elə həmin ərazinin qərb hissəsindən Badamlı kəndindən keçib gələn qədim karvan və müasir köç yolu mövcuddur. Bu karvan yolları və meşələr qədim dövrlərdən insanların burada məskunlaşmasına əlverişli zəmin yaradıb. Məlumat üçün deyək ki, abidənin yaxınlığında yerli əhalinin “cəviz piri” adlandırdığı ziyarətgah mövcuddur. Pirin ətrafında, eləcə də pirdən abidəyə qədər olan ərazidə-təpələrin cənub ətəyində müxtəlif tikililər, kül qalıqları mövcuddur. İstər abidənin, istərsə də bu ərazidə olan toponimlərin geniş tədqiqata ehtiyacı vardır.
Onu da qeyd edək ki, Küküçay vadisində Antik dövr abidələri üstünlük təşkil edir. Küküçayın Ayrınc kəndi ərazisində, yolun sol tərəfində yerli əhalinin “Köhnə Ayrınc” adlandırdığı ərazidə, Ayrınc kəndində əhalinin “Novruz əkən” adlandırdığı sahədə, Qara Qaya yaxınlığında tərəfimizdən Antik dövrə aid abidələr aşkarlanmışdır.
Zaleh NOVRUZOV
“Oğuzun səsi” qəzeti