Keçəçilik sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib, hörmə, tikmə, toxumadan fərqli olaraq basma üsulu üzrə ixtisaslaşmış ustalar tərəfindən aparılıb. Onlar güzəm yundan keçə qəlibləri və nəməd hazırlayırdılar. Yaz fəslində yunları qırxılmayan qoyunların nəm yerlərdə yatarkən yunlarının bir-birinə keçərək qəlib şəklinə düşdüyünü görən çobanlar sonralar yunu sabunlu su ilə isladaraq bükməyə, döyəcləməyə başlamış və beləliklə, keçə əldə etmişlər. Hələ eramızdan əvvəl VI yüzillikdə tarix səhnəsinə çıxan və ilk türk tayfalarından olan hunlar çadırların üzərini və döşəməni keçə ilə örtərmişlər. Qədim türklər tayfanın yaşlı kişiləri və qonaqlar üçün ayrılmış xüsusi yerləri zəngin naxışlı keçə ilə bəzəyərmişlər. Qadınlar və qızlar isə zamanlarının çoxunu keçə və ondan müxtəlif əşyaları düzəltməklə keçirərmişlər. Xalq arasında keçə hazırlayan ustalar keçəçi, həllac və ya atıcı adlandırılardı. Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da nəzərə alınardı. Minilliklərboyu məişətimizdə geniş istifadə etdiyimiz keçəçilik sənəti xalçaçılığın digər növləri olan həsir, palaz, kilim, sumax, vərni, şəddə, zili və nəhayət, xovsuz xalça növündən xovlu və süjetli xalça növlərinə qədər uzun bir yol keçmişdir. Xalqımızın mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin “Kitabi-Dədə Qorqud” dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda alaçıqların keçədən tikilməsindən, çobanların bu materialdan yapıncı kimi istifadə etmələrindən, ulu babalarımızın atlarını keçə ilə bəzəmələrindən geniş söhbət açılır. Dastanda deyilir: “Kimin ki oğlu-qızı yox, qara otağa qondurun, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin”. XI əsrdə yaşamış Mahmud Kaşğarlının “Divani-lüğət-it-türk” əsərində də keçədən danışılır. Əsərdə çadır və köç örtüklərinin keçədən hazırlandığı, onların sıx tikilməsi və güvədən qorunması üçün çırpılması haqqında məlumat verilir. Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rənglərdə olurdu. Bunların içərisində isə ən qiymətlisi ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, qırmızı, yaşıl, mavi, narıncı rənglərə boyanmış bəzəkli keçələr də hazırlanıb. Nəmənd, heybə, yəhərüstü, tərlik və digər əşyaların bəzəkləri, əsasən, zoomorf (dağ keçisi, ceyran, aslan, heyvanların döyüş səhnələri), həndəsi (romb, düzbucaq, üçbucaq), nəbati (budaq, gül-çiçək), kosmoqonik (ay, günəş, ulduz) ornamentlərindən, həmçinin zəncir, qoç buynuzu, qaz ayağı, ürək və sair naxışlardan ibarət olurdu. Keçədən hazırlanmış bu cür əşyaların kənarları isə xalçalarda olduğu kimi yelənlə tikilirdi. Eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat vermişdir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar “börk” adlandırırdı. Toplanmış materiallardan məlum olur ki, börk papaqlar yenicə doğulmuş, 3-4 günlük quzu dərisindən hazırlanırdı. Azərbaycanda, o cümlədən də Naxçıvan bölgəsində qoyunçuluğun geniş yayılması keçəçiliyin bu ərazidə də təşəkkülünə zəmin yaratmışdır. Keçə istehsalı yerli xarakter daşımış, əsasən, keçə və yapıncı istehsalından ibarət olmuşdur. Naxçıvanda orta əsrlər dövrünə aid olan keçəçilik sənəti nümunələri vardır. Keçəçilik Şahbuz və Şərur rayonlarının kəndlərində tarixən inkişaf etmiş sənət sahələrindəndir. Babək rayonunun Kərimbəyli kənd sakini, keçəçilik sənəti ilə məşğul olan Həsən Ələsgərovdan vaxtilə aldığımız məlumata görə, keçənin bir çox növləri olmuş, qəlib, baş, rəngli, naxışlı və sair müxtəlif formalı keçələr hazırlanmışdır. İnsanlar yəhər, dolaq, namazlıq, qundaq, yapıncı kimi keçədən hazırlanmış ləvazimatlardan istifadə etmişlər. Çox böyük əziyyətlə başa gələn keçədən həm yatacaq, həm bürüncək kimi, həm də alaçıqların istiliyini təmin etmək üçün istifadə edirdilər. Alaçıqtipli evlərin üstünü örtmək üçün işlənən keçədən, eyni zamanda geyim (yapıncı, papaq) və döşənəcək kimi də istifadə olunmuşdur. Keçə, həmçinin sərraclıq və alançılıq peşələrində də işlənmişdir. Alaçığın baş hissəsini tutmaq üçün baş, yanlarını örtmək üçün yan, qabağını örtmək üçün isə qənşər qəliblərdən istifadə edərdilər. Yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən yaşayış evlərinin döşənməsində, bəzədilməsində, yapıncı, papaq, dolaq, uzunboğaz çəkmə, corab, əba, qapılıq, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü, yük keçəsi hazırlanmasında və digər məişət ehtiyacları üçün də geniş istifadə olunardı. Araşdırmalardan məlum olur ki, türk tayfaları çobanlar üçün keçədən hazırlanan arxalıqlardan da istifadə ediblər. Başı yağışdan qorumaq üçün həmin arxalıqların arxa hissəsinə papaq şəklində ayrıca keçədən hazırlanmış başlıq da əlavə edilərdi. Çünki keçə üzərinə yağış və qar yağsa da, islanmazdı. Keçələr çöllərdə çobanları əqrəb və ilan kimi zəhərli həşəratlardanda qoruyardı. Xatırladaq ki, günümüzdə keçədən hazırlanan məmulatlara kənd evlərində az da olsa, rast gəlinir. Həmçinin muzeylərdə keçə nümunələri saxlanılır. Hələ ən qədim zamanlardan türklərin, xüsusilə də azərbaycanlıların günlük həyatında çox böyük dəyər qazanmış bu sənət nümunələrinin bu gün də qorunub yaşadılması olduqca əhəmiyyətlidir.
Sara HACIYEVA
tarix üzrə fəlsəfə doktoru,
dosent
Şərq qapısı