Qədim Naxçıvan tarixi ərazilərini bərpa edir

408

Bu gün qürur hissi ilə deyə bilərik ki, Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Su kimi müqəddəs nemətə keşiyi biz özümüz çəkirik. Bizim ən böyük qələbəmiz isə illər keçdikcə tarixi ərazilərimizə yadlaşmağımızın tamamilə əksi olan doğma torpaqlarımıza yaxınlaşmağımızın inadı kimi üstün keyfiyyətimizdir. Tarixi-mədəni zənginliyi, coğrafi-strateji mövqeyi baxımından Azərbaycan Respublikasının əlahiddə mahiyyət kəsb edən ərazisi və ayrılmaz tərkib hissəsi olan sarkal Vətən torpağı – Naxçıvan tarix boyu böyük maraq cəlb etmiş və müxtəlif dövrlərdə müxtəlif dövlətlərin “iştahası”ndan keçmişdir. Lakin təbiətin ədalətli hökmü ilə bu yurd kökündən ayrılmamış və Azərbaycan eli kimi öz məğrurluğunu qoruyub saxlaya bilmişdir. Naxçıvanın həyati vacib əhəmiyyəti hamıya açıq-aydın şəkildə məlumdur. Bununla əlaqədar çoxlu qeydlər etmək mümkündür. Amma indi son günlərin əsas məsələsi, qulaqlarımızı cingildədən, “Zəfər zəngi”ni yenidən çaldıran “Günnüt əməliyyatı”na diqqət çəkmək niyyətindəyik. Ulu Şərqin qızıl qapısı Naxçıvan, bu gün ənənəviliklə müasirliyin vəhdətini bir araya gətirərək rövnəqləndirən diyara çevrilməklə yanaşı, tarixi ərazilərinin bərpası istiqamətində apardığı haqlı gedişi olduqca təqdirəlayiq haldır və şanlı tarixi hadisədir. Yağı işğalından azad edilən Günnüt strateji əhəmiyyət kəsb edən inzibati ərazidir. Bura elə bir yüksəklikdir ki, uzun illərdir Laçın koridoru ilə spekulyant hərəkətlərlə manipulyasiya edə bilən mənfur düşmənin mövqelərinin yerlə-yeksan olması deməkdir, eyni zamanda, yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya baxması məcburiyyətindədir. Zənnimizcə, burada ərazini hektarla ifadə etmək və örüş yeri kimi mahiyyətinin qabardılmasının məqsədi bütün diqqətləri bura çəkməkdir. Bu, bir neçə mühüm amili özündə cəmləşdirir: 1. Naxçıvan tarix boyu müxtəlif səbəblərdən itirdiyi torpaqlarının yoxluğu ilə nəinki barışmayıb, hətta geri qaytarmağa başlayıb; 2. Naxçıvanda milli ordu quruculuğu müvəffəqiyyətlə aparılıb, blokadada olan bir ərazinin özünümüdafiəsi üçün güclü hərbi potensial yaradılıb; 3. “İkinci cəbhə”də “yüksək mövqe” öz əlimizdədir; 4. Naxçıvan öz müdafiəsini hücumla həyata keçirir; 5. Qarabağa gedən yolun sonunun başlanğıcı görünür.

Bu şərəfli və fərəhli hadisə 2018-ci ildə həm “İslam Mədəniyyətinin Paytaxtı”, həm də “Gənclər paytaxtı” seçilən Naxçıvanın sosial-iqtisadi inkişafı ilə yanaşı, güclü hərbi potensiala malik olduğunu göstərir. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi ilə keçirilən “Günnüt əməliyyatı” Qarabağa gedən yolun bələdcisinin Azərbaycan əsgərinin olduğuna bir işarədir. Yeni zəfərlərə doğru, İRƏLİ!

Yəhya Babanlı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: